Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 17:43:28
Azərbaycan aliminə “Elm və incəsənət cəngavəri” fəxri adı verilib

Tanınmış alim, bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvü, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Əhəd Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) idarə heyətinin qərarı ilə “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb, diplom və döş nişanı ilə təltif olunub.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, RTEA-nın nizamnaməsinə görə “Elm və incəsənət cəngavəri” fəxri adı əməyi ilə cəmiyyətin inkişafına əsaslı töhfə verən, görkəmli əcnəbi ictimai, elm və mədəniyyət xadimlərinə verilir.

Əhəd Canəhmədov 400-dək elmi əsərin, o cümlədən elmi kəşflərin, 10–dan çox monoqrafiyanın, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş elmi-kütləvi kitabların müəllifidir. O, geniş auditoriya ilə asanlıqla ünsiyyət qurmağı bacaran istedadlı alim və nümunəvi müəllimdir.

Alimin bu yaxınlarda oxucuların ixtiyarına verdiyi “Mühəndislik fəlsəfəsi” elmi-fəlsəfi traktatı cəmiyyətdə ona daha böyük rəğbət qazandırıb. Bu əsər alimin uzun illərin elmi-fəlsəfi düşüncələrinin məhsuludur. Əhəd Canəhmədov elmi-kütləvi əsəri üçün traktat janrını seçərək fəlsəfi təlimi yeni yanaşmadan – mühəndislik fəlsəfəsi mövqeyindən kütləviləşdirmək məqsədilə oxucuya Məkan–Zaman və Yaranış haqqında qeyri-adi düşüncələrini çatdırır. Onun elmi-fəlsəfi düşüncələri bir sıra bazis fəlsəfi anlayışları: məkan, zaman, insan, həyat və ölüm, insanın kainatda yeri, insan fəaliyyətinin ali düşüncə formalarını əks etdirir.