https://www.zirve.edu.az/
28.03.2018 07:53
“Qəbul imtahanları alternativ dərsliklərdən istifadəyə mane olur” - Ekspert

“Hazırda ölkədəki 4472 orta məktəbin heç birində alternativ dərslik istifadə olunmur. Buna təsir göstərən amillərdən biri də qəbul imtahanlarıdır. Qəbul imtahanlarında vahid dərsliklərdən test tapşırığı tərtib edildiyi üçün narahatlıq yaranır ki, abituriyentlərin istifadə etmədiyi kitabdan sual düşə bilər”.

 Bu sözləri AzEDU-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, bildirib ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Ekspertin sözlərinə görə, elə bu səbəbdən alternativ dərsliklər ehtiyat dərsliklərdən daha effektlidir:

“Alternativ dərslik eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə edilməsidir. Yəni Təhsil Nazirliyi bir neçə dərsliyi tədris üçün yararlı hesab edir, amma hansı dərslikdən istifadə etməyi məktəb, sinif müəllimi özü seçir. Bunun effektli olmasının səbəbi odur ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Müxtəlif bilik və bacarıqlara malik olan şagirdlər üçün alternativ dərsliklər tərtib edib istifadəyə vermək lazımdır. Eyni zamanda, istənilən halda, minimal standart da təmin olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə alternativ dərsliklərdən istifadə olunur”.

Ekspert qeyd edib ki, alternativ dərsliklərin istifadəsini qəbul imtahanlarındakı bəzi şərtlər məhdudlaşdırır:

“2009 - cu ildə qəbul edilən “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununda alternativ dərsliklərdən istifadə nəzərdə tutulsa da, hələ də tətbiq edilməyib. Əsas problem məhz qəbul imtahanlarıdır. Zənnimcə, bunu aradan qaldırmaq üçün üst - üstə düşən mövzular mütəxəssislər tərəfindən müəyyən edilməli və ancaq o mövzulardan test tapşırığı təqdim olunmalıdır. Yəni vahid dərslikdən testlərin hazırlanması çətinlik yaradır ”.

Qeyd edək ki, ehtiyat dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunur. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur. Yəni ənənəvi qaydada müstəqil şəxlər və ya nəşriyyatlar tərəfindən hazırlanıb tenderə qoşulan dərslik dövlətin müəyyən etdiyi standartlara cavab vermirsə, o zaman ehtiyat dərsliklər istifadəyə verilir.

Alternativ dərsliklər isə bir sinifdə eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə olunmasıdır.