https://www.zirve.edu.az/
26.11.2018 11:45
Atatürklə “şam etmək” istəyən,  çayı müəllimlərlə içən tələbə - “Atüstü söhbət”də çaparaq cavablar  

“Atatürklə şam yeməyi yemək istərdim”  

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir. 

Rubrikanın budəfəki qonağı Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsində Fizika müəllimliyi ixtisası üzrə təhsil alan IV  kurs tələbəsi Çinar Həmzəyevdir.  

Çinar Həmzəyevlə “Atüstü söhbət”i  təqdim edirik: 

“Müəllimlərlə bufetdə oturub çay içirik” 

-Universitetə qəbul olunmasaydın, yenə də tələbə olmaq istəyərdin?

-İstəyərdim, amma bunu ciddi problem kimi görməzdim. Təəssüf ki, tələbə olmaq  həyatımızda çox vacib məsələyə çevrilib. “Hər kəs  universitet tələbəsi olacaq” deyə bir şey yoxdur. Hazırda universitetdən  də daha yaxşı  təhsil verən müəyyən akademiyalar, kurslar  və s. mövcuddur.-Çinar, Bakı Mühəndislik Universitetindəki sıradan dərs gününü təsvir et..

-Məni dərsə gələndə gülərüz, zarafatcıl müəllim qarşılayır. Bir neçə dəqiqə gecikdiyimə görə qaib yazmır. Dərsə başlayır, slayd açır və “Ağıllı lövhə”də  dərsini keçir. 45 dəqiqə sonra  zəng vurulur  və 90 dəqiqə dərs olmur. Bəzi dərslərimiz  filmlə, oyunlarla daha  maraqlı keçir.  Əksər dərslərdə dünyayla bağlı  kifayət qədər ətraflı məlumat alırıq. Müəllimlərlə bufetdə oturub çay içirik. Tənəffüslərdə hətta  ad günləri qeyd edirik. Boş zamanlarda dünya və  Azərbaycan gündəmindən, sosial şəbəkələrdən danışırıq. Müəllimlər tələbələrlə dost kimi davranır, bəziləri problemlərimiz olanda kömək etməyə çalışır və s.

-Səncə, tələbənin günümüzdə ən böyük problemi nədir?

- Təqaüdün gecikməsi, qaib sistemi, sərbəst  qeyri-ixtisas, seçmə dərslərin universitet tərəfindən seçilməsi və s. kimi problemlər Azərbaycanda tələbənin əsas problemləridir.

““Qafqaz” bağlanmadı, adı dəyişdirildi”

-Təbəlik illərində ən çox istifadə etdiyin cümlə hansıdır?

-“Qapıdan girirəm qaib yazmasın” və ya ““Qafqaz” bağlanmadı, adı dəyişdi”.

-Dərsindən həqiqətən də nələrsə öyrəndiyim müəllim....(cümləni tamamla)

-Dərsindən həqiqətən də nələrsə öyrəndiyim müəllim Günay Kərimova, Azadə Qasımova, Vəfa Abdullayeva, Elmir Qurbanov, Bəhman Məmmədov, Adil Vəliyev, Elməddin Hüseynov və başqalarıdır. Bu müəllimlər sırf fənlə əlaqəli deyil, hərtərəfli məlumatlar öyrəndiyim şəxslərdir.

-Tələbənin dünyagörüşü onun universitetdəki akademik göstəricilərindən nə dərəcədə asılıdır?

-Akademik göstəricilərlə dünyagörüşü məsələsi  çox da əlaqəli deyil. Düşünürəm ki, bu əksər tələbədə belədir. Bunu müşahidə etdiyim şəxsləri də nəzərə alıb deyirəm. Ətrafımda akademik göstəriciləri yuxarı olub dünyagörüşü  az şəxslər çoxdur.

-Bakı Mühəndislik Universitetində oxumasaydım...(cümləni tamamla)

-Bakı Mühəndislik Universitetində oxumasaydım çox şey itirmiş olardım. Ən azından yuxarıdakı adını yazdığım və yazmadığım müəllimləri tanımazdım.

“Kirayədə qalan oğlan tələbələrə cəmiyyətin münasibəti yaxşı deyil”

-700 bal toplayan gənclərə münasibətin necədir?

-700 bal toplayanlardan tanıdıqlarım var. Şəxsən münasibətdə olduqlarımdan əksəriyyəti hazırda  uğurlu addımlar atırlar.

-Həyatı dəqiq, yoxsa humanitar elmlərdə tapa bilərik?

-Dəqiq və humanitar elmlər bir-birilə sıx əlaqədədir.

-Hər tələbənin izləməli olduğu film(kitab, serial və s.) məsləhət görün.

-Məncə, Azərbaycan gəncləri Qriqoriy Petrov-"Bəyaz Zanbaqlar Ölkəsi" əsərini mütləq oxunmalıdırlar. Filmlərdən isə birinin adını çəkmək çətindir. Amma  “The Shawshank Redemption”-u əsas olaraq misal göstərə bilərəm. 

-Cəmiyyətdə sizi narahat edən və tələbələrə də təsirsiz ötüşməyən faktorlar hansılardır?

-Kirayə qalan tələbələrə, xüsusən də oğlanlara qarşı mənfi düşüncələr, reaksiyaların olması  bizi narahat edir. Eyni zamanda nəqliyyatda qiymətlərin yüksəkliyi tələbələrə təsirsiz ötüşmür.

-İndi isə “Google”şirkətinə qəbul üçün müsahibə zamanı verilən suallardan bəzilərini soruşaq:

“İxtiyarın olsaydı, böyük və məşhur qəzetdə hansı xəbəri manşetə verərdin?

-Qəzeti oxuyan toplumun maraq dairəsinə uyğun hər hansı xəbəri manşetə verərdim.

-Əgər dünyada bir nəfərlə 1 həftəlik yer dəyişdirmək haqqın olsaydı, bu kim olardı?

-Düzü, universitet müəllimimiz Baba müəllimlə yerimizi 1 həftəlik dəyişmək istərdim. Onun dediyi kimi bir həftə özümə “mən etdiyimi özüm başa düşürəmmi?” sualını verərdim.

-Tarixi şəxsiyyətlə şam yeməyi yemək imkanınız olsaydı, yemək üçün hansı tarixi fiquru seçərdiniz?

- Belə bir yeməyi Atatürklə yemək istərdim. Bu mənim üçün şərəf olardı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları