AzEdu Təhsil Portalı müəllim əməyinə və maarifçilik ənənələrinə verilən yüksək dəyərin davamı olaraq yeni sosial layihəyə start verir.
“Həmişə müəllim” adlanan layihənin əsas məqsədi uzun illər təhsil sahəsində çalışan, minlərlə şagird yetişdirən, bu gün təqaüddə olan müəllimləri hər zaman cəmiyyətin diqqət mərkəzində saxlamaq, onların zəngin təcrübəsini gənc nəslə ötürmək və müəllimlər arasında mənəvi bağları daha da gücləndirməkdir. Müəllimlik sadəcə peşə olmaqla məhdudlıaşmır, ömür boyu davam edən müqəddəs missiyadır.
Ömrünü təhsilə həsr edən, məktəb mühitini, tədris prosesini illərlə yaşayan və bu gün təqaüddə olan 65 yaşdan yuxarı müəllimlərimizin unudulmaması həm mənəvi borcumuz, həm də maarifçilik prinsiplərinin tələbidir. Yaş senzi səbəbindən fəaliyyətlərinə xitam verilən müəllimlər bu gün də özlərini haqlı olaraq məktəbin, təhsil mühitinin və cəmiyyətin ayrılmaz parçası hesab edirlər. Çünki ömrününü məktəbə bağlayan insan üçün müəllimlik heç zaman bitmir.
“Həmişə müəllim” layihəsi məhz bu həqiqəti cəmiyyətə çatdırmaq məqsədi daşıyır. AzEdu Təhsil Portalı təqaüddə olsa belə, müəllim adını şərəflə yaşadan pedaqoqları örnək şəxsiyyətlər kimi ictimaiyyətə təqdim edəcək. Bu müəllimlər bütövlükdə Azərbaycan maarifçiliyinin canlı daşıyıcılarıdır.
Bu gün rəsmi olaraq məktəbdə çalışmayan minlərlə müəllim var ki, onların biliyi, həyat təcrübəsi və pedaqoji dünyagörüşü hələ də cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Təəssüf ki, zaman keçdikcə həmin müəllimlərin bir qismi təhsil mühitindən uzaqlaşır, unudulduğunu düşünür. Halbuki onlar Azərbaycan məktəbinin canlı tarixidir, bütöv nəsillərin formalaşmasında mühüm rol oynamış insanlardır.
Ən ağrılı məqamlardan biri isə təqaüdə çıxan müəllimlərin özlərini təcrid olunmuş hiss etməsi, təqaüd yaşına z qalmış müəllimlərin isə gələcəkdə eyni taleyi yaşamaq qorxusu ilə üzləşməsidir. “Həmişə müəllim” layihəsi məhz bu mənəvi boşluğu aradan qaldırmağa, müəllimə verilən dəyərin yalnız fəaliyyət dövrü ilə məhdudlaşmadığını göstərməyə xidmət edəcək.
Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində təqaüddə olan müəllimlərlə gənc pedaqoqların görüşləri təşkil olunacaq. Bu görüşlərdə müəllimlərin həyat yolu, pedaqoji təcrübələri, məktəb xatirələri və təhsillə bağlı baxışları bölüşüləcək. Gənc müəllimlər uzun illərin təcrübəsini birbaşa həmin insanlardan dinləmək imkanı qazanacaq, müəllimlik peşəsinin mənəvi yükünü və məsuliyyətini daha yaxından hiss edəcəklər. Təqaüddə olan müəllimlər özlərini yararlı hesab edəcəklər.
Layihənin əsas hədəflərindən biri müəllimlik ənənəsinin davamlılığını təmin etmək, nəsillər arasında pedaqoji körpü yaratmaq və ölkədə “təcrübə zənciri” formalaşdırmaqdır. Layihə çərçivəsində təqaüddə olan müəllimlərə xüsusi TƏLTİFNAMƏlər təqdim ediləcək, onların təhsil sahəsindəki xidmətləri ictimai şəkildə qiymətləndiriləcək.
Görüşlərə tanınmış ictimai xadimlər, ziyalılar, elm və təhsil nümayəndələri, eləcə də müxtəlif qurumların təmsilçiləri dəvət olunacaq.
“Həmişə müəllim” layihəsi müəllimə hörmətin, milli-mənəvi dəyərlərin və maarifçilik ənənələrinin qorunmasına yönəlmiş ictimai çağırışdır. Çünki müəllimlik fəaliyyəti rəsmi olaraq başa çatsa belə, müəllimin cəmiyyət qarşısındakı mənəvi missiyası heç zaman bitmir. Səbəb çox sadədir, gerçək müəllimlər bir məktəbin deyil, bütöv bir nəslin yaddaşına çevrilirlər.
Müəllimlik bitmir, nəsildən-nəslə keçir, təcrübə danışdıqca gələcək formalaşır. Bir ömür öyrədən insan, hər zaman müəllim olaraq qalır.