Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 12:05:16
Azərbaycanın alim siyasətçiləri – Onların müdafiə etdiyi dissertasiya mövzuları

AzEDU hazırda Azərbaycan siyasi elitasında kifayət qədər yaxşı tanınan siyasətçilərin bir zamanlar müdafiə etdikləri namizədlik dissertasiyaları, elmi fəaliyyətləri barəsində yazını təqdim edir: 

Fazil Mustafa - Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa həm də elmlər namizədidir. O, 2005-ci ildə Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fəlsəfə üzrə fəlsəfə doktoru adını alıb. Bir müddət adıçəkilən institutda da işləyib;

Siyavuş Novruzov - Hüquq sahəsində namizədlik işi müdafiə edib. Dissertasiya işi seçki texnologiyaları ilə bağlı olub. Müdafiə etdiyi mövzunun adı: “Seçki kampaniyasının planlaşdırılması və idarə olunmasının hüquqi əsasları”. Hazırda hüquq elmləri namizədidir;

Etibar Məmmədov – Bakı Dövlət Universitetində tarix müəllimi kimi çalışıb. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Bu zaman Məmmədovun iki elmi rəhbəri olub: biri Azərbaycandan, biri isə Moskvadan. Azərbaycanlı elmi rəhbəri Oqtay Əhmədov, Rusiyadan isə Karenin olub. Siyasətçi elmi fəaliyyəti haqqında danışarkən, müdafiə etdiyi mövzunun adını heç yerdə qeyd etməyib;

Qabil Hüseynli – Politoloq, sabiq dövlət müşaviri akademiyanın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdində aspiranturanı bitirib. “Milli qürur hissinin formalaşması və onun mədəniyyətlərin tənzimləməsində rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Namizədlik dissertasiyasını müdafiə edərkən hazırladığı onlarca məqalənin cəmi olaraq “Milli qürur hiss və onun sosial-fəlsəfi aspektləri” istiqamətində monoqrafiya yazıb;

Qubad İbadoğlu - Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri aspiranturanı bitirən kimi İqtisadiyyat Universitetində (indiki UNEC) müəllim kimi saxlanılıb.1996-cı ildən bu vaxta qədər elə həmin universitetdə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edib. Dissertasiya mövzusu “Xarici iqtisadi fəaliyyətin təhlili və uçotu problemləri” olub. Elmi rəhbəri Hüseyn Namazəliyev olub;

Saleh Məmmədov – sabiq maliyyə naziri 1980-ci ildə İqtisadiyyat Universitetinin maliyyə ixtisası üzrə aspiranturasına daxil olub. Vaxtından əvvəl aspiranturanı bitirərək elmlər namizədi elmi dərəcəsini alıb və əmək fəaliyyətini həmin institutun maliyyə kafedrasında davam etdirir. Sıravi müəllimlikdən professora qədər yüksəlir. Paralel olaraq gənc yaşlarında-28 yaşında – xaricdə doktorluq dissertasiyasını müdafiə edib. Regional iqtisadi məsələlər üzrə müstəqil elmi tədqiqat laboratoriyası qurmuş və onun rəhbəri olur;

Pənah Hüseyn - Pənah Hüseyn elmi fəaliyyətində milli-dini və elmi aspektlərin sintezini özündə əks etdirməyə çalışıb. Onun diplom işi “İslam sosializmi” olub. Akademiyanın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi olarkən də bu üçlü sintez – millilik, islamilik və liberallıq onun əsas fəaliyyət sahəsi olur. Artıq elmdən tam olaraq uzaqlaşan Pənah Hüseynin dissertasiya mövzusu fəlsəfi sahəyə - milli şüurda dini məsələlərlə əlaqəli olub. Rusca yazdığı dissertasiya işini sonradan müdafiə etməyib;

Araz Əlizadə - deputat, partiya sədri olan Əlizadə 1982-ci ildə dissertasiya işini hazır etsə də, sonradan müəyyən səbəblərdən müdafiə edə bilməyib. Dissertasiya işinin mövzusu “1648-54-cü illər Ukraynanın azadlıq mübarizəsi dövründə Ukrayna və Türkiyə münasibətləri” olub;

Hafiz Hacıyev - 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsinə daxil olub, 1979-cu ildə həmin ali məktəbi bitirib. 1988-ci ildən biologiya elmləri namizədidir. Qeyd edək ki, Hafiz Hacıyev o vaxtkı Leninqrad şəhərində namizədlik dissertasiyasını müdafiə edib. Mövzusu “Daxili sularda, vətəgələrdə balıqçılığın yetişdirilməsi və artırılması “ idi. Bu işi müdafiə edərək, elmlər namizədi dərəcəsini alıb.

Ardı var...

Elmin Nuri