Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 09:15:00
Dövlət Proqramı çərçivəsində doktoranturada təhsil alacaq məzunlar işlə təmin olunacaq

Təhsil naziri  Ceyhun  Bayramovun iştirakı ilə  “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan konfrans keçirilib.

Konfransda Dövlət Proqramının özündə ehtiva etdiyi məsələlər barədə jurnalistlərə məlumat verilib.

AzEdu.az xəbər verir ki, proqramın birinci komponentində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması ilə inzibati-akademik heyətin təlimi, tədris proqramlarının təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur.

Proqramın ikinci komponenti isə Azərbaycan ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur.

Dövlət proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün UFAZ modeli əsasında ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması gözlənilir.

Proqramın maliyyə mənbəsi kimi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti, dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların texniki maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri göstərilib.

Qeyd edək ki, gözlənilən əsas nəticələrdən biri Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alan məzunların işlə təmin edilməsindən ibarətdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları