Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-23 18:16:46
“Qavaldaş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa” uşaq və gənclərin respublika festival-müsabiqəsi keçirilir.

AzEDU.az xəbər verir ki,  festival-müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, milli musiqi alətlərinin və mədəni irsin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.

Festival-müsabiqə yarımfinal və final mərhələlərində keçirilir. İştirakçılar martın 23-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində festival-müsabiqənin yarımfinalında münsiflərin qiymətləndirilməsindən keçib, daha sonra İçərişəhərdə Qoşa Qala qapısı meydanında təşkil olunmuş “Bahar qalası” şənliyində çıxış ediblər. Gənc ifaçılar həyatın hər anında, təbiətdə mövcud olan hər səsdə ritmin olduğunu dinləyicilərə bir daha nümayiş etdiriblər. Onların ifası paytaxt sakinləri və turistlər tərəfindən alqışlarla qarşılanıb. Əcnəbi tamaşaçılar Azərbaycanın milli musiqi alətlərinin ecazkar səsi ilə yaxından tanış olmaq fürsəti qazanıblar.

Bu mərhələdə Quba, Qəbələ, İsmayıllı, Şəki, Salyan, Masallı rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlar qrupları çıxış ediblər. Üç yaş qrupunda 100 nəfərədək uşaq və gənc solo və kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini təqdim ediblər.

Yarımfinal mərhələnin münsiflər heyətində tanınmış nağara müəllimləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Təhmasib Məmmədov, Dövlət Rəqs Ansamblından Ceyhun Babayev, Bakı Xoreoqrafiya Akademiyasından Azər Məlikov və Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbindən Cəfər Həsənov təmsil olunub.

Respublika festival-müsabiqəsinin final mərhələsi iyunun 20-dən 25-dək keçiriləcək.