Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 09:39:00
Ölkədə ali təhsilli böyük işsiz ordusu var

Hər il peşə təhsili müəssisələrinə qəbul sayları artır. Ancaq statistikaya nəzər saldıqda, bu sayın hələ yetərli olmadığı qənaətinə gəlmək olur. Peşə ixtisaslarının sayının artırılması üçün Şuşada "musiqi alətlərinin təmiri" ilə bağlı peşə ixtisasının tədrisi nəzərdə tutulur.

 

Gəncləri peşə təhsili almağa necə cəlb edə bilərik? Cəmiyyətdə daha hansı peşələrin tədrisinə ehtiyac var?

 

Millət vəkili Ceyhun Məmmədov mövzu barədə AzEdu.az-a danışıb.

 

C.Məmmədov bildirib ki, ölkədə saatsaz, başmaqçı və digər sahələrdə mütəxəssis qıtlığı var:

 

“Biz əvvəlcə insanları peşə təhsili almağa təşviq etmək barədə düşünməliyik. Cəmiyyətdəki “hamı ali təhsil almalıdır” stereotipi qırılmalıdır. Azərbaycanda vəziyyət elədir ki, hamı ali təhsil barədə düşünür. Təkcə ali təhsil barədə yox, peşə təhsilinin də önəmi, əhəmiyyəti barədə çox geniş işin aparılmasına ehtiyac var. Bu istiqamətdə təbliğat aparıldıqdan sonra digər məsələlər barədə düşünə bilərik. Birinci növbədə təbliğat aparılmalıdır, çünki getdikcə bu proses bütün sahələrdə ağır formada özünü göstərir. Məsələn: saatsaz, başmaqçı və b. sahələrlə bağlı çətinliklər yaşamağa başlayırıq və yaşayacayıq da. İndidən real addımlar atmalıyıq ki, gələcəkdə bu problemlərin miqyası böyüməsin. İnsanlarda peşə təhsilinə marağı artırmaq üçün təşviqat aparılmalıdır”.

 

“Bu gün ölkədə ali təhsilli böyük işsizlər ordusu var” , –deyə millət vəkili vurğulayıb:

 

“Hamı ali təhsili özünə dəb bilir və buna meyil göstərir. Sonda da ali təhsillilər şikayətlənirlər ki, “biz iş tapa bilmirik”, “iş tapmaqda çətinliklərimiz” var və s. Ona görə də burada balans pozulur. Getdikcə peşələr üzrə ciddi mütəxəssis qıtlığı yaşayacayıq. Çıxış yolu odur ki, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Valideynlərə təbliğ olunmalıdır ki, heç də hamının ali təhsil alması şərt deyil. Bu gün peşə sahibləri əksər ali təhsillilərdən yaxşı qazanır. Televiziya, avtomobil, kompüter sahəsində ustalara, mütəxəssislərə ehtiyacımız böyükdür. Bu istiqamətdə çox ciddi və geniş işin aparılmasına ehtiyac var ki, sadaladığımız məqsədlərə və hədəflərə nail ola bilək”.