Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 15:54:45
Gəncləşən ölüm: “Valideynlər övladlarını müayinəyə aparmır”

Ötən günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Kamilə Əliyeva məktəblilər arasında ölüm hallarının artıdığını bildirərək qeyd edib: “Biz mətbuatda tez-tez orta məktəblərdə şagirdlərinin ölüm xəbərlərini görürük. Bu ölüm hallarının müxtəlif səbəbləri var. Belə ki, bəziləri intihar, xəstəlik və məsuliyyətsizlikdən ola bilər. Amma biz bütün hallarda bununla bağlı işlər görməliyik”.

 

Maraqlıdır, ölümün gəncləşməsinin əsas səbəbləri nələrdir? Gənclər əsasən hansı xəstəliklərdən dünyasını dəyişirlər?

 

AzEdu.az-a açıqlama verən həkim-pediatr Nigar Abdullayeva qeyd edib ki, yeniyetmələr arasında ölüm hallarının əsas səbəbi ürək-damar problemləridir:  

 

 Açıklama yok.

 

“Bu əsasən sonradan deyil, anadangəlmə ürəyində qüsurla doğulanlar arasında baş verir. Valideynlər zamanında uşaqlarını həkim müayinəsinə aparmırlar. Məsələn, biz 1 yaşına qədər  hər bir uşağı  ürək  müayinəsindən keçiririk . Hər ay körpə uşaqların pediatr müayinəsi olur və bu zaman müəyyən  xəstəlikləri aşkarlayırıq. Ciddi ürək qüsurları olarsa, uşaq əməliyyat olunur. Bu halda təbii ki, gələcəkdə qəflət ölüm hallarının və ürək xəstəliklərinin qarşısı alınmış olacaq. Bir də  qazanılmış ürək qüsurları var. Bu keçirilmiş xəstəliklərdən sonra formalaşır”. 

 

Pediatrın fikrincə, başqa bir problem uşaqların qidalanmasının düzgün olmamasıdır:

 

“Belə ki, “fast food” və hazır market qidalarından istifadə olunması qanda pis dediyimiz xolesterin səviyyəsinin artması və müxtəlif  ürək-damar patologiyasının yaranmasına səbəb olur. Hazırda bizə müraciət edən yeniyetmələrdən yüksək təzyiq müşayiət edirik. Bu uşaqlar üçün yüksək göstəricidir. Onlarda piylənmə, artıq çəki yaranır. Hazırda məktəblilərin çoxunda hipodinamiklik də nəzərə çarpır. Yəni onlar az hərəkət edirlər. Uşaqlarda immunitet zəifləməsi də yoluxucu xəstəliklərin yaranma risqinə və ağır keçməsinə səbəb olur”.

 

N.Abdullayevanın valideynlərə məsləhəti uşaqları vaxtı vaxtında həkim müayinəsindən keçirməkdir:

 

“Müəyyən xəstəliklərin qarşısını almaq üçün peyvəndləri vurmaq lazımdır. Məlum məsələdir ki, ölkəmizdə qızılca infeksiyası geniş yayılıb. Qızılcanın ən çox can aldığı yaş qrupunun uşaqlar olduğunu nəzərə almalıyıq. Bunun qarşısnı almaq üçün yeganə yol peyvənd olunmaqdır. Həmçinin, valideynlər uşaqların qidalanmasına fikir versinlər. Zərərli qidaların yerinə ev şəraitində hazırlanan yeməklərə üstünlük versinlər. Onu da unutmamaq lazımdır ki, uşaq hər gün aktiv həyat tərzi  keçirməli və gündə ən azı 1 saat ayaqla gəzməlidir”.