Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 11:33:00
“Şagirdlərimin uğurları ilə qürurlanmaq istəyirəm” - “Fədakar müəllim”lə MÜSAHİBƏ

AzEdu.az saytı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə gedən müəllimlərlə müsahibələr dərc edib.


Bu dəfə haqqında bəhs etdiyimiz Qönçə Əzizova Pirallahı məktəbində müəllim işləyir.



AzEdu.az saytının "Fədakar müəllim" rubrikasının növbəti müsahibəsini təqdim edirik.  

 

Sizi oxuculara necə təqdim edək?  

 
- Mən - Əzizova Qönçə Faiq qızı 25.01.1992-ci ildə Qəbələ şəhərində anadan olmuşam. 1998-ci ildə Suraxanı rayonu Hövsan qəsəbəsindəki 280 nömrəli məktəbin 1-ci sinfinə getmişəm. 2009-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix müəllimliyi fakültəsinə daxil olmuşam. Müəllimlərin işə qəbulu imtahanında (MİQ) ilk dəfə 2018-ci ildə iştirak etmişəm və 53 bal yığaraq Hacıqabul rayon Qarasu kənd orta məktəbində işə qəbul olunmuşam. 2021-ci ildə yenidən imtahanda iştirak etmişəm, 54 bal yığaraq Pirallahı rayonu 186 nömrəli tam orta məktəbdə işlə təmin olunmuşam. Ailəliyəm, 2 qız övladım var. 

 

 - Pirallahıda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

- 186 nömrəli tam orta məktəbdə fəaliyyət göstərirəm. Tarix fənnini 8b 9a, 9b və 10a siniflərində tədris edirəm. 14 saat dərs yüküm var. 

 

 - Hövsanda yaşayırsınız. Məktəbi niyə dəyişmək istəməmisiniz?

 

- Hövsanda yaşayıram, yol cəhətdən məsafənin uzaqlığından çətinlik çəkirəm. İmtahanda da 3 ilim tamam olmadığı üçün iştirak edə bilmirəm və bu səbəbdən məktəbi dəyişmək alınmır. 

 

 - Hər dəfə nə qədər yolxərciniz çıxır?

 

 - Həftədə 3 dəfə işə gedib-gəlirəm. Aylıq desək, 130-140 manat yolxərcim çıxır.

 

- Bu cür işləmək sizə sərf edir? Aldığınız məvacib sizi qane edirmi?

 

 - İşimi - müəllimlik peşəsini sevirəm, ona görə də tək məvacib üçün bu peşəni seçməmişəm. Sertifikasiya imtahanından sonra daha yaxşı olacağına ümid edirəm. 

 

 - Ailənizin işinizə münasibəti necədir?
 

 - Ailəm, əsas da yoldaşım mənə çox dəstəkdir. Onların köməyi olmasaydı, heç nəyi bacara bilməzdim. Sadəcə, övladlarım bir az işimin uzaqlığı səbəbilə çətinlik çəkirlər. 

 

 - Müəllimlik peşəsini başqasıyla dəyişmək istəmisiniz?

 

 - Peşəmi dəyişmək fikrim yoxdur, öz müəllimlərimi sevərək bu peşəni seçmişəm. Müəllimlik fəaliyyətimdə daha da irəli getmək, şagirdlərimin uğurlarıyla qürurlanmaq istəyirəm.