Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 13:40:28
“Saxta diplomlu müəllimlərin sertifikasiyaya cəlbi qanunsuzdur, ancaq...”

Nabatəli Qulamoğlu: “...Ortada 2 yanlış çıxış yolu varsa, az yanlış olanı seçmək məqbuldur. Bu baxımdan nazirin qərarını dəstəkləyirəm”

 

Ümumtəhsil məktəblərində diplomu dövlət nümunəli olmayan müəllimlərin çalışdığı heç kimə sirr deyil.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev də bir müddət öncə etiraf etmişdi. O, Milli Məclisin Elm və təhsil komitəsində “Təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən dinləmə zamanı saxta diplomla çalışan müəllimlərin də sertifikasiya prosesinə cəlb olunacağını söyləyib.

 

"Bununla bağlı məhkəmə işləri var, faktlar var. Amma biz yenə də həmin müəllimlərin biliklərini yoxlayırıq ki, əgər biliyi varsa, davam etsin. Bu da əlavə şansıdır", - nazir vurğulayıb.

İllərin əziyyəti ilə müəllim olub, daha sonra imtahanlara daxil olaraq məktəblərə yerləşdirilən müəllimlər isə bunu sosial ədalətsizlik kimi dəyərləndirir.

 

 

Bəs saxta diplomla fəaliyyət göstərən müəllimlərin şagirdlərin gələcəyini sual altında qoyması nə dərəcədə qəbulolunandır?

 

 

Bu və digər suallarımıza cavab tapmaq üçün təhsil eksperti Nabatəli Qulamoğluya müraciət etdik.

 

Açıklama yok. 

 AzEdu.az-a açıqlama verən ekspert bu qərarı həm dəstəklədi, həm də tənqid edib:

 

 

“2012-ci ildə Mikayıl Cabbarov dedi ki, bizim kadrların içərisində 2000-dən çox saxta diplomla fəaliyyət göstərən müəllim var. Biz təcili onları çıxdaş edəcəyik. Elm və Təhsil Nazirliyi saxta diplomlu müəllimlərdən bir neçəsini işdən çıxarmışdı. İşdən azad olunan müəllimlər də öz növbəsində məhkəməyə müraciət edib. Məhkəmənin yekununda müəllimlərin işi bərpa olundu”.

 

 

Müsahibimiz qəti şəkildə bildirir ki, saxta diplomla fəaliyyət göstərən savadsız müəllimlərin tədris prosesinin iştirakçısı olması böyük bəladır:

 


“Düşünürəm ki, əvvəlki vəziyyət yenidən yaranmasın deyə ən optimal variant olaraq həmin müəllimlərə sertifikasiya imtahanlarında iştirak etmək hüququnun verilməsində görüblər. Dəqiq bilinir ki, həmin müəllimlər sertifikasiya imtahanından keçə bilməyəcəklər. Bu da öz nəticəsini göstərəcək”.

 

 

N.Qulamoğlu saxta diplomla fəaliyyət göstərməyin daha ciddi suç olduğu qənaətindədir:

 


“Dürüst olmalıyıqsa, saxta diplomla fəaliyyət göstərmək daha ciddi suçdur. Düşünürəm ki, saxta diplomlu müəllimlərin sertifikasiyaya cəlb etmək tam qanunsuzdur. Ancaq ortada 2 yanlış çıxış yolu varsa, az yanlış olanı seçmək məqbuldur. Bu baxımdan nazirin qərarını dəstəkləyirəm”.