Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 14:50:55
Builki MİQ imtahanlarında keçid balı necə olacaq? - Rəsmi CAVAB

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 30 may tarixində yekunlaşıb.

Hazırda qeydiyyatdan keçən namizədlərin elektron ərizələrinin emalı prosesi aparılır.

Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, MİQ-in test imtahanının vaxtı yaxın günlərdə açıqlanacaq.

Yeri gəlmişkən, test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

İmtahanda ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.


Qeyd edək ki, səhv cavablar düz cavablara mənfi təsir edəcək. Belə ki, qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.


İmtahanda keçid balı toplamış namizədlər vakant yerlərin seçilməsi mərhələsinə buraxılacaq. Burada onlar səkkiz vakant yer seçə bilmək imkanı veriləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Bəs müsabiqənin test imtahanı mərhələsi üzrə minimum keçid balı necə müəyyənləşdiriləcək?


Elm və Təhsil Nazirliyindən bildirilib ki, MİQ-in test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.


Builki müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız 2023-2024-cü tədris ili üçün qüvvədə olacaq.