Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 06:22:44
Akademiyadan deputatın iradına sərt reaksiya – Tarixdən xəbəri olmayan, kəmsavad

“Xahiş edirəm, kəmsavad adamlar, tarix elmindən xəbəri olmayanlar bu məsələyə nə münasibət bildirsinlər, nə də bilmədikləri işə qarışsınlar. Hamı öz işi ilə məşğul olsun. Mən o adda adam tanımıram, tanımaq da istəmirəm”.

Bu sözləri AzEdu.az-a Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, deputat Fazil Mustafanın açıqlamasına münasibət bildirərkən deyib. Cəbi Bəhramov qeyd edib ki, AXC daim institutun tədqiqat obyekti olub. Onun sözlərinə görə, AMEA-nın Tarix İnstitutunun əməkdaşları Azərbaycan Respublikası Prezidentinin müraciətlərinə cavab olaraq çox böyük tədbirlər həyata keçiriblər:

cəbi bəhramov.jpg
“Tarix İnstitutunda AXC-nin və 31 mart soyqırımının yüzilliyi ilə bağlı təkcə il bu il deyil, elə İnstitut yaradılandan artıq müəyyən işlərə imza atılıb. Əvvəla, tarix elmindən xəbərsiz olanların, xüsusilə Xalq Cümhuriyyəti haqqında danışmağa heç bir haqqı yoxdur. Elə YAP-ın VI qurultayında Cənab İlham Əliyev də Cümhuriyyətin 100 illiyi ilə bağlı çıxış edərkən açıq şəkildə deyib ki, AMEA-nın Tarix İnstitutu, alimlərimiz bu istiqamətdə ciddi işlər görüb”.

Xatırladaq ki, ötən gün millət vəkili Fazil Mustafa AMEA-nın humanitar institutlarının Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi və mart soyqırımının ildönümü ilə bağlı daha çox iş görmək imkanlarının olduğunu, əvəzində isə, az iş görüldüyünü bildirib: “Akademiya erməni soyqırımı ilə bağlı da böyük işlər görməliydi. Nəzərə alsaq ki, artıq soyqırımının 100 illiyinə 10 gün qalıb, deməli, bu imkanı əldən veriblər. Ən azından, təbliğat nöqteyi-nəzərdən qalıcı tədbirlərə imza atmaq olardı. Məsələn, yaddaşlara həkk olunmaq üçün filmlər, kitablar mütləq ərsəyə gəlməli idi. Yubileylərlə bağlı cəmi bir günlük təşkil olunacaq müəyyən ziyafətlər, konfranslar unudulub gedəcək. Ölkə prezidenti bu sahədə lazımi işlərin görülməsi ilə bağlı sərəncam verərək üzərinə düşəni edib. Əgər yerinə yetirilmirsə, bunun başqa açıqlaması yoxdur”.