Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-02 16:06:00
Bugünkü imtahanda görüb-eşitdiklərimiz: razılar da vardı, narazılar da... - REPORTAJ+FOTOLAR

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün - aprelin 2-də bir sıra imtahanlar keçirildi:

- əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi;
- V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
- mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.


AzEdu.az
saytının əməkdaşı olaraq biz də bugünkü imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik.

DİM-dən keçdiyimiz akreditasiyaya uyğun olaraq Bakıdakı 258 saylı məktəbdə olduq.

Qeyd edək ki, imtahana gələn abituryentlərin üst-başı ciddi şəkildə yoxlanılırdı. Oğlan abituriyentləri DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qız abituriyentləri isə qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar.

Açıklama yok.


Yoxlama prosesi zamanı abituriyentlərin həyəcan, stress keçirdiyi diqqətimizdən yayınmırdı. Elə bu həyəcanın nəticəsi idi ki, bir abituriyent səhvən 258 saylı məktəbə gəlmişdi.

Qapıdakı polis işçilərinin müdaxiləsindən sonra həmin yeniyetmə vaxtında doğru məktəbə yönləndirildi.

İmtahana gecikən bir qız da diqqətimizdən yayınmadı. Vaxtı ötürdüyünə görə, onu içəri buraxmadılar.

İmtahan yerinə təcili tibbi yardım briqadası cəlb olunmuşdu. Fürsət tapıb bir neçə dəfə təcili yardımın həkimlərinə də yanaşdıq, dedilər ki, hansısa bir ekstremal situasiya baş vermədiyindən hələ ki işləri asan gedir... Elə axıra kimi də onların müdaxiləsinə ehtiyac duyulmadı...


İmtahana gələn valideynlər də övladları kimi həyəcan və stress içində idilər. Kimi imtahan suallarının çətin olacağını deyirdi, kimi də övladına dua edir, Allaha yalvarırdı...

Nəhayət imtahan vaxtı da başa çatdı...

Müsahib kimi yaxındaşlığımız abituriyentlər ümumən sualların səviyyəsinin normal olduğunu qeyd edirdilər.

Riyaziyyat fənninin suallarının digər iki fənnə - Azərbaycan dili və xarici dilə nisbətdə çətin olduğunu vurğulayan abituriyentlər daha narahat görünürdülər.

İştirakçılardan biri sualların çətinliyindən, mətnlərdən birinin asan, digərinin isə qəliz olmasından şikayətləndi.  

Açıklama yok.

Ümumilikdə abituriyentlərlə söhbətimizdən belə qənaət hasil olurdu ki, imtahan sualları arasında Azərbaycan dili asan, ingilis dili orta, riyaziyyat isə çətin imiş.

Söhbətləşdiyimiz valideynlər isə builki imtahanların xeyli çətin olduğu düşüncəsində idilər. Onlar iddia edirdilər ki, DİM-in imtahan üçün hazırladığı sualların bir qismi abituriyentlərin orta məktəbdə keçmədiyi mövzulardan salınıb.

Valideynlər bildirirdilər ki, sualların çətinliyi, mətnlərin uzun və qəliz olması abituriyentin həddindən artıq vaxtını aparır. Əlavə olaraq uşaqlar həddindən artıq yüklənir və bu da onların psixologiyasına təsir göstərir.  

Amma bu iddialarla razılaşmayan valideynlər də vardı. Onlara görə, hər şey abituriyentin özündən asılıdır. Əgər abituriyentlər imtahana hazırlaşmaq üçün yetəri qədər diqqət ayırarsa, imtahan nəticəsi də uğurlu olar.

Yeri gəlmişkən, müsahib kimi yaxınlaşdığımız abituriyentlər və valideynlər həddindən artıq ehtiyatla danışır, sanki deyəcəkləri hansısa kəlmənin nəticələrə təsir göstərəcəyindən qorxur, ad-soyadlarını belə bildirmək istəmirdilər. Başqa sözlə, sözü onların ağzından sanki kəlbətinlə almalı olurduq.

Beləcə, 258 saylı məktəbəki müşahidələrimizi yekunlaşdırdıq.

Açıklama yok.

İmtahandan sonra DİM-in yaydığı məlumatla tanış olanda bir məqam diqqətimizi çəkdi:

“Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır”.

Təəssüf ki, imtahanlarda belə hallar da olur...

Fotolar Murad Əliyevindir.