Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-12 08:41:21
Bu gün 50 mindən çox şagird imtahan verir

Bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilir.

AzEdu.az xəbər verir ki, imtahanda 50823 şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).