Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 10:00:00
Türkiyədə çətin tibb imtahanında ilkə imza ataraq, birinci olan azərbaycanlı  ilə müsahibə –  Müqayisəli və problematik söhbət

Fuad Əliyev: “Tibb Universitetinin bəzi müəllimləri, heç olmasa, öz ixtisaslarını başa sala biləcək qədər məlumatları olsunlar”

“İstərdim ki, Azərbaycan Tibb Universitetində kliniki fənləri tədris edən müəllimlərin heç olmasa, öz ixtisaslarını başa sala biləcək qədər məlumatları olsun. Orada çox sayda savadlı həkimlər var, amma onların heç də hamısı yaxşı pedaqoq deyil. Hər ikisini özündə cəmləyənlər də var. Amma yaxşı həkim olmaq kifayət etmir, yaxşı pedaqoji fəaliyyət göstərmək lazımdır”.

“Çətin imtahanda bütün Türkiyə və azərbaycanlı tələbələr arasında birinci oldum, haradasa, 300-400 nəfər idilər”

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Türkiyədə keçirilən STS (Seviyye Tesbit Sınavı) imtahanlarında 97 sualı düzgün cavablayaraq 76.04 balla yüzlərlə türk və azərbaycanlılar arasında birinci  yeri tutan Azərbaycan Tibb Universiteti Məzunu Fuad Əliyev deyib. 

Qeyd edək ki, STS imtahanları uzman həkim adını qazanmaq üçün verilən ilk imtahandır. Azərbaycanda alınan tibb diplomunun Türkiyədə təsdiqi xarakteri daşıyır. İmtahanda uğur qazanan tələbə, növbəti mərhələdə 6-9 aylıq təcrübə keçib, daha sonra yenidən imtahan verməli olur. 

AzEdu.az onunla müsahibəni təqdim edir:

-Doktor, - Fuad bəy, icazənizlə sizə doktor deyə müraciət edək -  bu uğur təbii ki, məsələnin görünən tərəfidir. Ona görə də biz daha əvvəldən başlayaq: Məqsədinizə çatmaq üçün hansı çətinliklərdən keçdiniz? Ümumiyyətlə, bundan öncəki nailiyyətləriniz barədə məlumat verərdiniz...

-Məktəb vaxtı təbiət elmlərinə sevgim çox olub. Yuxarı siniflərdə hiss etdim ki, marağım elə həkimliyədir. IV qrup imtahanlarına hazırlaşdım. Bu sahənin məqsədi, hədəfi məni çox cəlb edirdi: İnsanlara kömək etmək...

2012-ci ildə 632 balla Azərbaycan Tibb Universitetinə qəbul olundum. Bu il həmin universiteti fərqlənmə diplomu ilə bitirib, rezidentura imtahanında iştirak etdim. 161 balla Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında Endokrinologiya ixtisasına qəbul olundum.

Türkiyədə keçirilən STS imtahanlarında  97 bal toplayaraq, türkiyəli və azərbaycanlılar arasında birinci oldum. STS imtahanlarında say konkret olaraq verilmədiyinə görə, birinciliyi neçə nəfər arasında qazandığımı bilmirəm. Amma böyük ehtimalla, 300-400 nəfərdən çox olar.

Azərbaycanda endokrinologiya seçməyimin səbəbləri vardı: Türkiyəyə qəbul olunmaq bir az uzun prosesdir.  Bu, yalnız bir imtahanla həll olunmur. “Tıpdil” imtahanı, diplom təsdiqi üçün imtahan, 6-9  ay təcrübə, yenə imtahan və s. Türkiyədə endokrinologiya ixtisasına birbaşa qəbul almaq olmur. Bunun üçün “Dahiliye” ixtisasını bitirəndən sonra əlavə imtahan verməlisən. Amma Azərbaycanda endokrinologiyaya birbaşa qəbul mümkündür. Ölkəmdəki imtahanda verilən seçimlər içində mənə ən yaxını bu ixtisas oldu.

Türkiyədə “Dahiliye” ixtisasına qəbul olunmağımı istərdim.  Sonrakı karyeramı harada davam etdirəcəyimi isə “uzmanlığı”-təhsilin ustad səviyyəsi- bitirdikdən sonra düşünəcəyəm. Bu, Amerika da ola bilər, Almaniya da, elə Azərbaycanın özü də... Hələ ki, bu barədə qəti fikrim yoxdur.

“Türkiyə həkim yanaşmasını, Azərbaycan isə daha çox sabit əzbərə söykənən təməl bilikləri soruşur”.

-Türkiyə və Azərbaycandakı imtahanlarda iştirak etmisiniz. Ümumi müqayisə aparsaq, hansı daha çətin idi? İki ölkənin tibbi imtahan təcrübəsi arasında nə kimi fərqlər var?

-STS imtahanları rezidenturadan təxminən, 2-3 dəfə çətindir. Çünki Türkiyədə imtahan  sualları beynəlxalq test kitablarından götürülür. Yəni, referans mənbə olaraq onlar verilir. Azərbaycanda tamamilə olmasa da, mənbələrin çoxu universitet kitablarıdır. Əslinə qalsa, Türkiyənin kitabları akademik səviyyədədir. Yəni, onları akademik və professorlar istifadə edərək yazıblar. Azərbaycandakılar isə kafedra kitabları olduğuna görə, buranın sualları da Türkiyə ilə müqayisədə nisbətən sadə olur.

STS imtahanlarındakı suallar daha çox amerikan tiplidir. Onlar imtahan verən şəxsin kliniki bilikləri, həkimlik bacarığı, xəstəyə yanaşmanı, müalicəni əsas götürür. Təbii ki, Türkiyə imtahanlarında da nəzəri suallara rast gəlinir. Amma ümumi götürdükdə Türkiyə həkim yanaşmasını, Azərbaycan isə daha çox sabit əzbərə söykənən təməl bilikləri soruşur. Məsələn, fiziologiya, biokimya buna misaldır. Bizdə 100 testdən az hissəsi klinik yanaşma suallarıdır.

“Rezidenturada ödənişli plan yerllərinin açılması düzgün qərar deyil”

-STS imtahanlarında uğur qazanmaq üçün gündəlik dərs rejimizini necə müəyyənləşdirirdiniz?

-STS üçün hazırlaşmağa əsasən, V kursdan başlamışdım. Dərsə gedib-gəlirdim. Özümə konkret bir saat qoymamışdım. Yorulduğum gün oxumağı dayandırırdım. 5 saat oxuduğum gün də olurdu, 10 saat da.

Günümü əsasən, mövzunun ağırlığına görə dəyərləndirirdim. Məsələn, Nevrologiya ağır bölmədi. Başqa biri isə onunla müqayisədə başadüşüləndir. Bunu görüb Nevrologiyaya daha çox vaxt ayırırdım, Endokrinologiyaya isə az... 3 saat nevrologiya oxuyanda insan daha çox yorulur. Yəni, gündəlik dərs saatımı mövzunun ağırlığına görə təyin edirdim. “Bu gün 100 səhifə oxumalıyam” deyə bir hədəfim yox idi.

-Bu imtahan nədən ibarətdir? Nə kimi çətinlikləri var?

-STS-də klinik fənlərdən test tapşırıqları təqdim olunur. İmtahan 2,5 saat davam edir. 120 sualdan ibarət imtahanda 40 və daha çox balın toplanması nəticənin uğurlu olmasına əsas verir.

Əsasən, 4 kliniki fəndən ibarətdir: Daxili xəstəliklər, cərrahiyyə, pediatriya, mamalıq və genekologiya. Daxili xəstəliklər özü də bir neçə qrupa ayrılır: Nevrologiya, Fizioterapiya, Travmatologiya, Radiologiya, yəni terapiya qrupuna aid fənlər... Onlardan 42 sual təqdim olunur. Hərəsi fənnin ağırlığına görə dəyişir. Pediatriya qrupu fənlərindən 30, Cərrahi fənlərdən isə 36 sual düşür.

Burada əsas ümumi və xırda cərrahiyyələrdir: Lor, Neyrocərrahiyyə, Göz cərrahiyyəsi, Ortopediya-travmatologiya-bunlardan əsasən sual sayı az olur.

-Bir müddət əvvəl rezidenturaya qəbul imtahanlarında plan yerlərinin azaldılmasını tələbələr birmənalı qarşılamadı. Nəticədə plan yerləri artırıldı, amma ödənişli əsaslarla... Ödənişli rezidentura təhsilinin tətbiq olunmasına münasibətiniz necədir?

-Məncə, rezidenturada ödənişli plan yerlərinin açılması düzgün qərar deyil. Çünki rezident eyni zamanda, həkim sayılır və işləmək üçün əmək sərf edir. O, gördüyü işə görə pul almalıdır. Bizdə onsuz da maaş aşağıdır. Yəni, bu, fikrimcə, düzgün yanaşma deyil.

Türkiyədə isə təcrübə müddətindəki ödəniş YÖS tərəfindən təyin olunur. Məbləğin nə qədər olmasını isə xəstəxana müəyyənləşdirir. Bunun üçün ödəniş ola da, olmaya da bilər. Xəstəxananın öz qərarı olduğuna görə bir söz demək olmur. Amma hər halda bu məbləğ nə qədər az olsa və ya ümumiyyətlə, olmasa daha yaxşı olardı. Çünki oraya təcrübəyə gedənlərin əksəriyyəti universiteti bitirib, hələ ki, həkim kimi işləməyənlərdir. Yəni maddi vəziyyət və gəlirləri o qədər də yüksək deyil.

“Türkiyədə hər həkimə bir saata 100 xəstə düşür və ona görə də...”

-Türkiyə klinikalarında da təcrübədə olmusunuz. Hamı orada tibbin daha yaxşı inkişaf etdiyi qənaətindədir. Uzmanlıq və rezidentura sistemləri arasında bu fikri yaradan əsas fərqlər nələrdir?

-Türkiyədə bir neçə klinikada təcrübədə olmuşam. Biri də Okmeydanı  klinikasıdır. IV kursda oxuyanda orada bir ay təcrübə keçdim. Bundan başqa Qaziosmanpaşa klinikasında oldum.

Türkiyədə tibbi sığorta tətbiq olunduğuna görə xəstə sayı çoxdur. Xəstəyə uyğun olaraq həkim sayı da çox olur. Bir həkimə saatda 100 xəstə düşdüyünə görə, fiziki olaraq onun öhdəsindən gəlmək mümkünsüz olur. Bu səbəbdən də həkim yanındakı tibb tələbələrinə də onu öyrədir ki, onlar da işləsin və xəstə sayının öhdəsindən gəlmək mümkün olsun. Türkiyə tibbinin ən vacib tərəfi düzgün oturuşan sığorta sistemləridir ki, bunlar da təcrübə vaxtı istənilən sayda xəstəni görməyə imkan verir.

-Kliniki tibb mühitini müqayisəli izah etdiniz. Bəs Tibb Universiteti haqda danışsaq, orada tədrisin necə olmasını istərdiniz?

-İstərdim ki, Azərbaycan Tibb Universitetində kliniki fənləri tədris edən müəllimlərin heç olmasa öz ixtisaslarını başa sala biləcək qədər məlumatları olsun. Gördüyüm qədəri ilə hər kafedrada 3-4 həkim öz ixtisasını nəzəri cəhətdən tam bilir. Ola bilər ki, onlar çox yaxşı həkim olsunlar, amma tələbəyə dərs demək qabiliyyətləri heç də hamısında yüksək səviyyədə deyil. Mühazirələrdə iştirak etmişəm. Tibb Universitetində ən maraqlı mühazirələr ilk 3 kursda təməl fənlərdən olur. Kliniki fənlərdə isə köhnə, 1970-80-ci illərin slaydları  olur və  bəzən də müəllim kitabın üzündən oxuyur. Yəni, Tibb Universitetində çox sayda  savadlı həkimlər var, amma onlar heç də hamısı yaxşı pedaqoq deyil. Təbii ki, hər ikisini özündə birləşdirənlər də var. Amma yaxşı həkim olmaq kifayət etmir, yaxşı pedaqoji fəaliyyət göstərmək lazımdır.

-Azərbaycandakı tibbi dərsliklərlə bağlı hansı fikirdəsiniz? Nə kimi təklifləriniz var?

-Bizim dərslikləri türkiyəlilərlə müqayisə etsək, bəzi çatışmazlıqlar var: Məsələn, onlar kitabları ingilis və amerikanlardan tərcümə edirlər, bizimkilər isə ruslardan. Bunlar da bizi bir az geri salır. Çünki tibbin əsas mərkəzi Amerikadır. Bu, ən böyük problemimizdir. Tibb inkişaf edir, dəyişir. Amerikada 2015-ci ildə aldığın bilik 2018-ci ildə artıq başqa cür olur. Yeni kitab  çıxırsa, artıq əvvəlki ədəbiyyatlar dəyişir. İstərdim ki, dünyaca yeni kitablar Azərbaycan dilinə tərcümə edilərək tədris olunsun.

“Tibb Universitetində bəzi kafedralar isə tələbəni sıxma prinsipi ilə gedirlər”

-Builki qəbul imtahanlarında Tibb Universitetinə qəbul balı pik həddə çatdı. Bəziləri düşünür ki, gələcəyin həkimi ali məktəbə yüksək balla qəbul olunmalıdır. Digərləri isə keçid balının belə yüksək olmasından narahatdırlar...

-Yüksək balın da müəyyən həddi var. Bu il bildiyim qədəri ilə Tibb Universitetində  ödənişli təhsil almaq üçün minimal keçid balı 610 oldu. Belə baxanda,  609 da az bal deyil. Amma bu balı toplayan Tibb Universitetinə qəbul oluna bilməyib. Məncə, balın belə yüksək olması o qədər də düzgün yanaşma deyil.

Hər halda, bal 550-dən aşağı olmamalıdır, amma belə də yox. Çünki zatən həkimə lazım olacaq biliklər universitetdə verilir. Qəbul imtahanlarında yüksək nəticə göstərmək üçün Riyaziyyat, Azərbaycan dilindən də testləri düzgün cavablamaq lazımdır. Halbuki, həkimlikdə onların rolu cəmi 1%-ə qədərdir.

-Çoxlarında Tibb Universitetində sərbəstliyin olmaması, müəllimlərin daha zəhmli olması, dərs rejiminin hədsiz çətinliyi ilə bağlı fikir formalaşıb. Hətta bu, yeni qəbul olunan tələbələrdə də ajiotaj yaradır. Onlara nə demək istərdiniz?

-Sərbəstlik əsasən kliniki fənlərdə olur. Dərs deyən adam özü həkim kimi işlədiyinə görə və tələbəyə bir qədər sərbəstlik verir. Ona çox “ilişmir”. Eləsi olur ki, tələbəni  özü öyrədir. Yəni tələbədən başqa marağı olmur. Sadəcə dərsini keçir və tələb edir. Aşağı kurslarda bəzi kafedralar yaxşı mənada çox tələbkar olurlar. Məsələn, Biokimya kafedrasının sistemi çox gözəldir. Öyrətdiyi bilikləri onlara qaytaranda tələbəni normal qiymətləndirirlər. Bəzi kafedralar isə tələbəni sıxma prinsipi ilə gedirlər. Yeni gələn tələbələr hələ universitetə adaptasiya olmamış belə problemlərə məruz qalırlar. Bu, hamısına aid deyil.

Universitetə yeni qəbul olunan tələbələrə demək istəyirəm ki, qorxmasınlar. Əksər kafedralarda normal oxuyan tələbə qiymət ala bilir. Sadəcə öncə adaptasiya problemi olur. Hamı universitet qəbul olunanda deyirlər ki, I kurs çətin olur. Sonuncu kursa çatanda görəcəksiz ki, ən asanı elə I kurs imiş.

Əsas məsləhətim odur ki, qiymət xətrinə deyil, öyrənmək məqsədi ilə oxusunlar. Bu gün oxuduqlarını sabah unutmasınlar. Bu, yuxarı kurslarda ciddi problemlər yaradır. VI kurdsa rezidentura, semestr, dövlət imtahanları, bacarıqlar hamısı adamın üstünə gəlir. Bunlara çox vaxt gedir. Aşağı kursdan bazası olanlar üçün isə rezidentura daha asan olur.

Mən IV kursdan etibarən, dərsdən sonra kitabxanalara gedir, daha ciddi oxuyurdum ki, VI kursda mənə rahat olsun. Kim imtahanda uğur qazanmaq istəyirsə, uyğun sistem qurmağı bacarmalıdır. Filankəs gündə 50 səhifə dərs oxuyur, mən də elə edimlə olmur. Özünə ən uyğun, ideal sistemi tələbə özü qurmalıdır. Sistem qurulsa, hər şey öz axarı ilə gedəcək.

-Sonuncu kurs tibb tələbəsi rezidentura məsuliyyəti ilə üz-üzə qalır: Ölkədə, yoxsa xaricdə oxuyacağı ilə bağlı qərar vermək, bunun üçün çalışmaq onu sıxır. Çoxları isə Azərbaycanda rezidenturanın mənasız olduğunu deyib, onu motivasiyadan salırlar. Sizcə, yalnız buradakı təhsillə yaxşı həkim olmaq mümkündür?

-Məsləhət görürəm ki, tələbələr istədikləri ixtisaslara görə qərar versinlər. Məsələn, Azərbaycanda da bəzi inkişaf etmiş ixtisaslar var ki, onları burada uzmanlıq səviyyəsində öyrənmək mümkündür. Məncə, tələbələr öz hədəflərinə görə qərar versinlər. Məsələn, Mərkəzi Klinikada Kardiologiya, Neyrocərrahiyyə, Lor yaxşı inkişaf edib. Bunları rezidenturada normal öyrənmək mümkündür.

İndi internet dövrüdür. Tələbə xaricdə harasa qəbul olunmaya bilər. Amma,  ixtisası ilə bağlı yeni kitabları tapıb oxumaq, gecə növbələrinə qalmaq, xəstə ilə çox işləməklə Türkiyə qədər olmasa da, bu, mümkündür. Türkiyədə sən istəməsən də, həmin sistemlə məcburi öyrənməlisən. Burada isə həkim özü can atıb öyrənməlidir. Məncə “Rezidenturanı Azərbaycan oxumaq lazımsızdır” fikri düzgün yanaşma deyil. Çünki çoxsaylı savadlı həkim tanıyıram ki, Azərbaycanda oxuyublar.

-Türkiyədəki tibbi mühitin şahidi olmusunuz. Oradakı cəmiyyətdə həkimə münasibəti ölkəmizlə müqayisə etsək,  fikriniz necə olar?

Azərbaycanda “ yaxşı həkim”, “pis həkim” anlayışları var. Amma sistemi tam formalaşan ölkələrdə hamı yaxşıdır, orada pis həkim yoxdur. Yəni, bu adam həkim olduğuna görə, öz ixtisasını tam bilmiş hesab olunur. Türkiyədə səhiyyə sistemi tam formalaşıb. Məncə, Türkiyədə həkimə Azərbaycanla müqayisədə daha çox hörmət var. Bizdə hələ rezidentura 5-6 ildir ki, tətbiq olunur, tibb təhsili tam oturuşmayıb. Buna görə də əsas yük həkimin özünün üzərinə düşür. Cəmiyyətdə öz üzərində daha çox işləyən, çox oxuyan həkim yaxşı adlandırılır. Rezidentura dövründə xəstə ilə çox işləməyən, yeni kitablar oxumayanlar bunu bacarmır. Ona görə də belə təbəqələşmə gedir.

-Son olaraq, STS imtahanlarında uğur qazanmaq istəyən tələbələrə nə kimi məsləhətlər verərdiniz?

-Türkiyədə təhsilə hazırlaşan azərbaycanlı tələbələr daha çox kitab oxumağa üstünlük verir, test az işləyirlər. Bu isə test imtahanı olsa da, testə yanaşma fərqlidir. Sonuncu STS imtahanında tələbələr sualların uzun olmasından gileylənirdirlər. Sualları oxuyub bitirməyə belə vaxt çatmırdı. Bəlkə də 120 sualdan hamısını bilirdik, amma vaxt çatdıra bilmədik. Məsləhət görürəm ki, bir fənni 5 dəfə oxuyurlarsa, 3 dəfə oxuyub testə də vaxt ayırsınlar. Yəni, bu, test imtahanı olduğuna görə oxumaqla bərabər testə də önəm verməlidirlər. Kitabda məlumat bir cür verilə bilər. Testdə isə onu başqa cür soruşacaqlar. Çox uzun sualı qısa yolla etmək olar. Ən azından test edəndə insanın testə əli öyrəşir. Bəlkə o qədər sürətlidirlər ki, 120 sualı 120 dəqiqəyə çatdırırlar? Bunu öncədən yoxlamalıdırlar. Testə vərdiş etməlidirlər ki, imtahanda asan olsun. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları