Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-26 13:29:00
Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğunun və Surqutdakı “Azərbaycan-Birlik” təşkilatının birgə təşkilatçılığı ilə Xocalı həftəsi çərçivəsində Surqut şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.


AzEdu.az xəbər verir ki, Baş konsulluğun nümayəndələri, Surqutda yaşayan həmvətənlərimiz, universitet müəllimləri, Koqalımda yaşayan diaspor, habelə yerli ictimaiyyətin nümayəndələri anım tədbirində iştirak ediblər. İştirakçılar soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi ilə tanış olub, fotoguşələrin qarşısına gül dəstələri qoyublar.
Tədbirin rəsmi hissəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımından bəhs edən “Dərdimi çəkirəm” adlı qısametrajlı film nümayiş etdirilib.


Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Birlik” təşkilatının sədri Azad Seyidov, qurumun sədr müavini Amil Abbasov, Xantı-Mansiysk Muxtar Dairəsinin deputatı Xalıq Tağızadə və Surqut Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Çingiz Bağırov tədbirdə çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı danışıblar. Natiqlər günahkarların cəzalandırılmasını, o cümlədən 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyanın müvafiq maddələrinə görə, soyqırımı aktı kimi tövsif olunan Xocalıya beynəlxalq hüquqi qiymətin veriləcəyi günü səbirsizliklə gözlədiklərini qeyd ediblər.