Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 10:03:00
Magistratura imtahanı sadələşdirilə bilər? - EKSPERTDƏN AÇIQLAMA

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçirdi və nəticələr artıq elan olundu. Lakin sınaq imtahanında xarici dilə nisbətən məntiq və informatika fənlərinin suallarının çətin olması bakalavrlarda bir qədər narahatlıq doğurdu.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi sınaq imtahanının ümumi səviyyəni ortaya çıxarmaq məqsədilə keçirildiyini söylədi:

 

“Bakalavrlar təhsil aldıqları müddətdə hər zaman xarici dildən istifadə edirlər. Məntiq və informatika fənninə isə yanaşma başqadır. Onlara yalnız hazırlıq dövründə diqqət yetirməyə başlayırlar. Bu isə öz çətinliyini imtahan zamanı büruzə verir. İmtahanda yüksək nəticə göstərmək üçün hazırlıq maksimum səviyyədə olmalıdır.

 

Sınaq imtahanının keçirilməsində başlıca məqsəd ondan ibarət idi ki, iştirakçıların ümumi istiqamət üzrə biliklərinin hansı səviyyədə olduğu müəyyənləşdirilsin. Nəticə etibarilə ona uyğun suallar yenidən nəzərdən keçirilsin. 19 fevral tarixində keçiriləcək magistraturaya birinci şans imtahanında bu amillərin nəzərə alınacağı gözlənilir”.

 

Ekspert, həmçinin ikinci şans imtahanında çətinlik səviyyəsinin digərinə nisbətən daha çox nəzərə alınacağını da qeyd edib:

 

 Çətinliyin hansı səviyyədə olması ümumi prinsip əsasında təyin olunacaq. Yaxşı olar ki, magistraturaya sənəd verənlər daha hazırlıqlı və bu işə ciddi yanaşmış olsunlar. Faktiki sınaq imtahanında olan sualların hansı mövzuları əhatə etdiyinə xüsusi diqqət yetirsinlər. Birinci şans imtahanında ümumi statistik nəticələr əsasında təhlil aparılır. Nəticələr aşağı olduğu halda ikinci şansda sual formatının dəyişilib bir qədər sadə suallarla tərtib olunma ehtimalı yüksəkdir.

 

Magistraturaya marağın artdığını da vurğulayan Elçin Əfəndi bunu son illərdə qəbul formatının dəyişməsi və sadələşdirilməsi ilə əlaqələndirdi.