Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 16:57:00
BP Azərbaycanda üçillik sosial sərmayə layihəsini başa çatdırıb  

BP Azərbaycana adaptiv strateji idarəetmə üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən üçillik sosial sərmayə layihəsi başa çatdırıb.

 

AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi yerli idarəetmədə strateji dəyişikliklərə çevik reaksiya vermək, innovasiyalara və transformasiyalara uyğunlaşmaq bacarıqlarını formalaşdırmaqla bu sahədəki cari tələbatı qarşılamağa dəstək vermək idi. Layihə məhz yerli təşkilatların bu sahədə rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək üçün nəzərdə tutulmuşdu.

 

Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramı (ASEP) əsasında ADA Universitetində həyata keçirilib. Təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin nəzdində yerləşən və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilatlardan olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış və sertifikatlaşdırılmış biznes təhsili üzrə kurrikuluma əsaslanıb. Duke CE bu proqramı ABŞ-ın insan resursları üzrə aparıcı konsultant şirkətlərindən biri olan və liderliyin inkişafı üzrə ixtisaslaşan “Korn Ferry” ilə tərəfdaşlıqda hazırlayıb və həyata keçirib.

 

Proqramı bitirdikdən sonra bütün uğurlu iştirakçılar Dyuk Universitetinin Fuqua Biznes Məktəbindən sertifikatlar alıblar.

 

Layihənin uğurla tamamlanması münasibətilə dünən ADA Universitetində tədbir keçirilib.

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib: “Biz çox məmnunuq ki, Azərbaycanda ilk dəfə olaraq yerli təşkilatların dəyişən biznes mühitinə cəld uyğunlaşmasına kömək üçün nəzərdə tutulmuş ASEP proqramını ölkəyə gətirmişik. Bu, ilk növbədə təşkilatların fəaliyyət davamlılığı üçün önəmlidir. Eyni zamanda bu onların rəqabət üstünlüklərini qoruyub saxlaması üçün öz planlarını və strateji hədəflərini uğurla həyata keçirmələri üçün önəmlidir. İnanırıq ki, ASEP proqramının məzunları əldə etdikləri bacarıq və biliklərlə fəaliyyət göstərdikləri biznes mühitini daim qiymətləndirmək və mürəkkəb strateji dəyişikliklərə çevik reaksiya vermək üçün lazımi səriştələrə tam yiyələniblər. Bu sahədə yerli potensialın yaradılmasında verdikləri töhfəyə görə iki aparıcı universitetə - ADA Universitetinə və Dyuk Universitetinə təşəkkürümüzü bildiririk”.

 

ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə deyib: “Adaptiv Strateji İdarəetmə Proqramı” tərəfdaşlarla əməkdaşlığımızı daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda yüksək ixtisaslı mütəxəssislərin karyera inkişafını sürətləndirdi. Bu proqramı uğurla təşkil etdiyinə görə ADA Universitetinin İxtisasartırma Proqramlarına təşəkkür edirik”.

 

Layihə ADA Universiteti ilə tərəfdaşlıqda “Korn Ferry” təşkilatı (keçmiş “TwentyEighty Strategy Execution”) tərəfindən icra edilib.

 

Layihənin dəyəri təxminən 1,5 milyon manat (882 min ABŞ dollarından çox) təşkil edib və buraya BP və tərəfdaşlarının iştirakçıların təhsil haqqı ödənişlərinə dəstəyi də daxildir.