Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 11:26:00
Fəlsəfə doktoru imtahanı üçün qeydiyyat davam edir

Dekabrın 1-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil (ingilis, alman və ya fransız dili) üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat aparılır.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in saytında “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan məbləği əlavə etməlidirlər.

 

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir (Bax: http://www.aak.gov.az/single/674)

 

Qeyd 1. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının 2022-ci il dekabrın 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının dekabrın 13-də, danışıq bloku üzrə imtahanın isə dekabrın 17-də keçirilməsi nəzərdə tutulur.

 

Qeyd 2. Dekabrın 11-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.