Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 17:29:00
İkili diplom proqramına qəbul olanları çoxu yüksək bal toplayanlardır-Rektor

 

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Cənubi Koreyanın İNHA Universitetinə yeni təyin olunmuş rektor  Cho Myeong Voo ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, qonağı yeni təyinatı münasibətilə təbrik edən rektor Havar Məmmədov iki ölkənin Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu, fəal əməkdaşlığın  möhkəmləndirilməsində müxtəlif istiqamətlərlə yanaşı, təhsil sahəsinin də xüsusi payının olduğunu vurğulayıb.

 

Bu görüşün ali təhsil ocaqları arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən rektor Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan ikili diplom proqramına toxunub. BMU ilə İNHA arasında 2021-ci ildən bakalavriat səviyyəsi üzrə birgə uğurla reallaşdırılan ikili diplom proqramının müsbət nəticələrindən söz açan Havar Məmmədov cari tədris ili üzrə statistik məlumatları da diqqətə çatdırıb. İkili diplom prqoramına qəbul olanların 85.3 %-ini yüksək nəticə göstərmiş abituriyentlərin təşkil etdiyini bildirən rektor 49 nəfərin 600-dən çox, 50 nəfərin isə 500-600 arası bal topladığını deyib.

 

No description available.

 

Gənc ali təhsil ocağı olan BMU haqqında qonağa ətraflı məlumat verən Havar Məmmədov İNHA Universiteti ilə gələcəkdə əməkdaşlığın daha da dərinləşməsi üçün mümkün imkanları vurğulayıb.

 

Öz növbəsində Cho Myeong Voo səmimi görüşə və təbriklərə görə minnətdarlığını dilə gətirib. Koreyalı rektor ikili diplom proqramına istedalı və bilikli tələbələrin seçimini yüksək qiymətləndirib, həmçinin tələbə və müəllimlər üçün “Yay məktəbi”nin təşkilinə verdiyi dəstəyə görə BMU rəhbərliyinə təşəkkürünü bildirib. Proqramın icrasının uğurlu nəticələrindən məmnun olduğunu deyən İNHA Universitetinin rektoru azərbaycanlı həmkarını Koreyaya dəvət edib. 

 

Görüşdə proqram çərçivəsində Koreya Respublikasında İnformasiya texnologiyaları ixtisası üzrə ilk təlimin uğurla təşkili və növbəti il digər üç ixtisas (İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi) üzrə 30 nəfərlik təlimin planlaşdırılması, Koreyadan gələn professorların 3 həftəlik tədrisi, eyni zamanda Koreyada keçirilən “Yay məktəbi”, gələn il tələbələr üçün ilk dəfə İNHA Universitetində birillik tədrisə hazırlıqlar və s. barədə danışılıb. Bunlarla yanaşı, universitetlər arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi, bu istiqamətdə atıla birgə addımlara, səylərə dair fikir mübadiləsi aparılıb.

 

Tədbirin sonunda qarşılıqlı hədiyyələr tədqim olunub və xatirə şəkli çəkdirilib.