Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 14:21:00
BMU-da I kurs tələbələri ilə növbəti görüş təşkil olunub  

Bakı Mühəndislik Universitetində (BMU) I kurs tələbələri ilə növbəti tanışlıq görüşü keçirilib. Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarının ilk kurs tələbələri üçün təşkil olunan görüş ümumi məlumatlandırma, həmçinin müxtəlif məsələlər üzrə müvafiq dəstək və tövsiyələr vermək məqsədi daşıyıb.

 

AzEdu.az xəbər verir ki, tədbirdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Manafəddin Namazov ixtisas seçiminin üstünlüklərinə diqqət çəkərək qlobal bazarla yanaşı, ölkəmizdə də kompüter, informasiya texnologiyaları yönümlü ixtisaslara artan maraq və tələbatdan danışıb. Cari tədris ilində yüksək bal toplayaraq BMU-da oxumaq imkanı qazanan tələbələrin əsasən qeyd olunan ixtisaslara üstünlük verdiyini fikirlərinə əlavə edən prorektor gənclərin mütəxəssis kimi püxtələşməsində bilik və bacarıqlardan əlavə, fərdi keyfiyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev universitetin, o cümlədən dekanlığın iş və tədris prinsipləri, fəaliyyət istiqamətlərini nəzərə çatdırıb. Dekan tələbələrə tədrisə fasilə verməməyi, əzm və səylə çalışmalarını, universitetdaxili nizam-intizam qaydalarına diqqətlə yanaşmalarını tövsiyə edib.

 

Dekan müavini Əli Həsənov isə Mühəndislik fakültəsinin digər ixtisasları, universitetdə yaradılan elektron platforma və onun üstünlükləri, tələbələr üçün yaradlan əlverişli mühit, eləcə də digər məsələlər haqda ətraflı danışıb.

 

Sonra görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.