https://modern.az/
2022-09-30 17:02:00
Paytaxt məktəblərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı görüş keçirilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzalıyev, rəis müavini Fərhan Əliyev, BŞTİ-nin müdir müavini Orxan Kərimov, Nazirliyin sektor müdirləri Orxan Seyidzadə və Ənvər Dəmirov, “Azəriqaz”ın Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, “Azəristiliktəchizat” ASC sədrinin müşaviri İlkin Zərbəliyev, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov, BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, Maliyyə və mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov  iştirak ediblər.

 

BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, təhsildə keyfiyyətə nail olunmasında bütün amillər mühüm rol oynayır. Bu baxımdan payız-qış mövsümünə hazırlıq, məktəblərin istiliklə təminatına diqqətin artırılması təsadüfi deyil.

 

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığının səmərəli əməkdaşlıq tələb etdiyini deyən Elm və Təhsil Nazirliyinin  Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi V.Mirzalıyev bu görüşün qarşıda duran vəzifələrin daha yaxşı yerinə yetirilməsi işinə təkan verəcəyinə əminliyini ifadə edib.

 

“Azəriqaz” İB-nin Baş direktorunun satış üzrə müavini R.Cavadov görüşün əhəmiyyətinə toxunaraq təmsil etdiyi qurumun fəaliyyətindən asılı olan məsələlərin həllinə hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.

 

“Azəristiliktəchizat” ASC sədrinin  müşaviri İ.Zərbəliyev məktəblərin istiliklə təminatının həssas yanaşma tələb etdiyini, mövcud problemlərin həllində məsuliyyətin bölüşdürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

BŞTİ-nin müdir müavini O.Kərimov məktəblərin payız-qış mövsümünə hazırlığı üçün nəzərdə tutulan kompleks işlərin daha tez reallaşdırılmasının zəruriliyi haqqında fikirlərini bildirib.  

 

BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri S.Mahmudov ümumi təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, aidiyyəti qurumlarla birgə həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında məlumat verib.

 

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini F.Əliyev, Nazirliyin sektor müdirləri O.Seyidzadə və Ə.Dəmirov, “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov, rəis müavini Z.Mehrəliyev və digər çıxış edənlər təhsil müəssisələrinin istilik və qazla təminatı baxımından öncəki illərdə toplanmış təcrübə və yeni yanaşmalar sayəsində müsbət irəliləyişə nail olmağın mümkünlüyünə əmin olduqlarını ifadə ediblər.