Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-14 05:00:49
Azərbaycanın layihəsi yüksək qiymətləndirildi

Tbilisidə “Peşə təhsilində təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Almaniyanın İqtisadiyyat Tədrisi İnstitutunun təşəbbüsü ilə üç ildir reallaşdırılan “Cənubi Qafqaz ölkələrində peşə təhsilinə dəstək” layihəsi çərçivəsində təşkil olunan konfransda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Latviya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

AzEDU.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov konfrans iştirakçılarına ölkəmizdə peşə təhsilinin təşkili, dövlətin bu sahəyə dəstəyi barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə peşə təhsili ilə əlaqədar xüsusi qanun qəbul edilib, Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şura yaradılıb, sahibkarlıq barədə düşüncə və təfəkkürün inkişafı ilə əlaqədar xeyli işlər görülüb.

Gənclərin sahibkarlığa marağının artırılması üçün müxtəlif elmi metodlar hazırlanıb, kitab və broşürlər nəşr etdirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Sədaqət Qəmbərova və Nurlan Quliyev konfransda təqdimatla çıxış edib, ölkəmizdə peşə təhsilinin təşkili və regional inkişafa təsiri barədə layihələrdən danışıblar.

Gürcüstan, Almaniya, Latviya və Qazaxıstan nümayəndələri “İş yeri axtarma, iş yeri yarat” şüarı altında Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər. Gürcüstan tərəfi yaxın aylarda nümayəndə heyətlərinin Azərbaycana səfər edəcəklərini bildirib.

Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan guşəsi maraqla qarşılanıb.