Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 12:29:00
Cocuq Mərcanlı məktəbinin direktoru – “Şagirdlərimiz Vətən Müharibəsini gözləri ilə görürdülər”

Qarabağa qayıdışın ilk addımlarından biri məhz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başladı.

 

 

Orada təhsil istiqamətində görülən ilk işlərdən biri də Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bərpası idi.

 

 

 

AzEdu.az-a danışan Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev məktəbin hazırki fəaliyyəti haqqında məlumat verib:

 

 

“Məktəbimizlə bağlı bir çox yeniliklər var. Təhsil müəssisəmiz  yeni tədris ilinə hazırlanır. Şagirdlərimizin sayı ildən-ilə artır, hazırda 100-dən çox məktəbli təhsil həyatını burada davam etdirir”.

 

 

Direktor müəllimlərin təhsil müəssisəsindəki fəaliyyətindən söz açıb:

 

 

“Müəllimlərin İşə Qəbulu müsabiqəsi vasitəsi ilə hər il müxtəlif sayda müəllim məktəbimizdə əmək fəaliyyətinə başlayır. Hər il müəllimlər yenilənir, biz ehtiyac yarandıqca vakansiyalarla müraciət edirik. Füzuli, Qubadlı kimi rayonlardan məktəbimizdə çalışmaq üçün müəllimlər gəlir, hazırda yeni təhsil işçilərinin də gəlməsini səbirsizliklə gözləyirik”.

 

Zamin Həziyev Cocuq Mərcanlı məktəbinin şagirdlərinin təhsil göstəriciləri haqqında məlumat verib:

 

 

“Bu il 3 nəfər şagirdimiz ali məktəbə, 1 nəfər  orta ixtisas təhsili müəssisəsinə qəbul olunub, 2 nəfərin nəticəsi isə hələ məlum deyil”.

 

 

O, məktəbin gələcəklə bağlı hədəflərindən söz açıb:

 

 

“Gələcəklə bağlı niyyət və arzularımız çoxdur. Hər bir təhsil işçisinin arzusu məktəbinin ağıllı və perspektivli şagirdlərinin olmasıdır, kollektiv isə güclü şəkildə formalaşmalıdır. Çünki biz Qarabağa qayıdışın birinci mərhələsi olduq,  sonra isə bu yolu Ağalı məktəbi tutdu. Bu köç prosesi Qarabağ üzrə davam edəcəkdir. Gedişat bizdən başladığı üçün istəyirik ki, respublikamızın  mütərəqqi məktəblərindən biri olaq və inkişaf edən təhsil sistemimizdən geri qalmayaq”.

 

 

Direktor Qarabağın digər təhsil müəssisələri ilə əlaqələrin qurulmasından söz açıb:

 

 

“Ağalı məktəbi ilə dostluq əlaqələrinin qurulmasında çox maraqlıyıq. Çünki onlar yeni köç ediblər, biz onlarla öz təcrübələrimizi bölüşməliyik. Bu barədə çox istəklərim var”.

 

 

Zamin Həziyev Qarabağın işğaldan tam azad edilməsinin şagirdlərdə ruh yüksəkliyi yaratdığını deyib:

 

“Qarabağın işğaldan azad edililməsi şagirdlərimizin dərslərinə və onların ruh yüksəkliyinin artmasına çox yaxşı təsir etdi. İkinci Qarabağ müharibəsi  Cocuq Mərcanlı kəndinin yanından başlandı. Biz müharibəni gözümüzlə gördük. Həmin vaxt kənddə idik və hər şeyi müşahidə etmək imkanımız oldu. Şagirdlərin vizual olaraq müharibəni görməsi, düşmənin ölkəmizdən necə qovulmasını izləməsi onlarda ruh yüksəkliyi yaratdı. Şagirdlər fərqinə vardılar  ki, qisas alınıb. Bu, uşaqların mənəvi-psixoloji durumuna yaxşı təsir etdi”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları