Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-12 10:14:00
Deputat: "Müəllimlərimizin heç də hamısını peşəkar hesab etmək olmaz”

“Müəllimlərimizin heç də hamısını peşəkar hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, ölkədə müəllim hazırlayan təhsil mexanizmləri çox zəifdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan məktəblərində peşəkar müəllimlər də kifayət qədərdir. Ali təhsil müəssisələrində yetişən yox, məhz özü özünü inkişaf etdirən və məsuliyyətli olan müəllimlər var. Təəssüf ki, savadsız müəllimlər daha çoxdur və onlar hansısa yollarla məktəblərdə işə düzələrək cəmiyyətin sosial təbəqəsinə çeviriliblər. Hətta belə savadsız müəllimləri də məktəbdən birdən-birə çölə atmaq düzgün deyil”.

Bunu AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, o, müəllimlərin sertifikasiyası yolu ilə məktəblərdə peşəkarlığın artırılmasını düzgün hesab etmir: “Savadsız müəllimlərin peşəkar müəllimlərlə əvəzlənməsinə daha uyğun yolla nail olmaq lazımdır. Onsuz da, məktəblərdə kimin savadlı, kimin savadsız müəllim olduğu bilinir. Ona görə də məktəb kollektivlərini canlandırmaq vacibdir. Müəllim özü başa düşməlidir ki, onun savadı və bacarığı məktəbdə dərs demək üçün kifayət deyil. Sertifikasiya tətbiq edərək inzibati qaydada müəllimləri məktəbdən uzaqlaşdırmaq yanlış seçimdir”.

F.Mustafanın fikrincə, yaşı 40-dan yuxarı olan müəllimləri sertifikatlaşdırma imtahanlarına cəlb etmək yanlışdır: “Burada yaddaş və digər faktorlar var, yaşlı müəllimlərin imtahana hazırlığa vaxt sərf etməsi çətindir. Müəllimlərin bilik və bacarıqlarının artırılmasının başqa yolunu düşünmək lazımdır. Bu, sadəcə vaxt itkisidir. Əlbəttə ki, bütün məktəb kollektivi istəyər ki, orada işləyən müəllimlər savadlı olsunlar. Müəllimlərin biliyindən çox təcrübəsi önəmlidir. Müəllimin dərs keyfiyyəti kollektiv və valideynlər tərəfindən qənaətbəxş hesab edilmirsə, müəllim işdən uzaqlaşdırıla bilər. Hər halda, sertifikasiya barədə bir daha düşünmək lazımdır”.

Qeyd edək ki, avqust ayı ərzində müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulub.