Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-10 12:13:00
Oksfordda bayrağımızı qaldıran şagird- O, dünya üzrə nadir nəticəni necə qazandı?-FOTO

 

Zirvə liseyinin, İngiltərədə fəaliyyət göstərən Oscar educationun və Brooke House Collegin birgə  təşkilatçılığı ilə təşkil olunan "TeenEagle Competition"  beynəlxalq ingilis dili olimpiadasının Londonda təşkil olunan final mərhələsində ölkəmizin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 şagird iştirak edib.

 

62 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Nihad Hüseyn 2022-ci ilin fevral ayında başlayan və mükafatlandırma mərasimi Oksford Universitetində keçirilən "TeenEagle Competition" beynəlxalq ingilis dili olimpiyadasında qızıl medal kateqoriyasından da üstün sayılan platin kateqoriyasında qızıl medala və platin kubokuna layiq görülən 3 nəfər arasında ikinci olaraq Azərbaycan üzrə ilk, Dünya üzrə isə ikinci yeri əldə edib.

 

"Azərbaycan bayrağını Oksford kimi bir universitetdə dalğalandırmaq qürurvericidir".

 

Qızıl medalçı təssüratlarını AzEdu.az-la bölüşüb:

 

"Dərin bir məmnunluq hissi duyuram. Sözün açığı, bundan aylar öncə belə bir sertifikatın mövcudluğundan xəbər tutanda onu daha çox ingilis dilini ikinci dil kimi istifadə edən bir ölkənin təmsilçisinin qazanacağını düşünmüşdüm. Bir yandan da bu uğuru ingilis dilinə ayırdığım saysız-hesabsız saatların nəticəsi kimi görürəm. Bundan əlavə, Azərbaycan bayrağını Oksford kimi bir universitetdə dalğalandırmaq qürur vericidir".

 

 

Dünya üzrə ikinci yeri qazanan  Nihad Hüseyn  olimpiyadada keçirilən yarış kateqoriyalarında tələb olunanları gündəlik həyatında da tətbiq  etdiyini bildirib:

 

"Mənim üstünlüyüm onda idi ki, olimpiyadada keçirilən yarış kateqoriyalarında tələb olunanları onsuz da gündəlik həyatımda daimi surətdə tətbiq edirdim. Məsələn, ingiliscə danışmaq və ya esse yazmaq kimi. Amma təbii ki, zəhmətin və qərarlılığın əməyi danılmazdır. Bizə oxumaq üçün verilən kitabı neçə dəfə oxuduğumun sayını belə unutmuşam".

 

Nihad Hüseyn gələcəkdəki hədəflərini bizimlə bölüşüb:

 

"Planlar təbii ki çoxdur, amma yaxın gələcəyi, yəni qarşıdakı 1-2 ili nəzərdə tutsaq, onu deyə bilərəm ki, hədəfim yenə bu tip yarışlara qatılmaq, könüllü olaraq Formula-1 kimi müxtəlif beynəlxalq yarışlarda çalışmaq, özümü hər tərəfli inkişaf etdirməyə davam etməkdir. Daha böyük planda isə, yəni qarşıdakı 10 illə bağlı planlarım daha böyükdür".

 

Sonda qızıl medalçı gələcəkdə təhsilini xaricdə tibb sahəsi üzrə davam etdirmək istədiyini bildirib.

 

Nihad Hüseynin valideyni Gültab Hüseynova-"Övladımızın Vətən bayrağını ölkə xaricində zirvəyə qaldırmasıyla qürur duyduram" deyə bildirib.

 

"Bütün valideynlərə bu sevinci yaşamağı arzu edirəm.  Övladımızın qazandığı bu uğurda müstəsna xidmətləri olan  62 saylı məktəb liseyin müəllim kollektivinə dərin təşəkkürümü bildirirəm".

 

Qeyd edək ki, 30-a  yaxın ölkədən 400-dən artıq şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada şagirdlərimiz 7 qızıl, 6 gümüş və 13 bürünc medalla vətənə  dönüblər.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları