Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 15:53:00
22 nəhəng universitetə qəbul olunan Aysu: “Ən güclüsündə süni intellekt üzrə oxuyacağam”-MÜSAHİBƏ

 

Azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrinə yüksək təqaüdlə qəbul xəbərləri gəlməyə davam edir.

 

Onlardan biri də bakalavriat pilləsində hələ təhsilini başa vurmadan 8 müxtəlif ölkənin 22 ali təhsil müəssisəsinə qəbul alan Aysu İsmayılovadır. Aysu, dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla 8 ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüd ilə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.

 

Gələcək planlarını AzEdu.az-la bölüşən istedadlı tələbəmiz, seçiminin hansı universitet olacağını da açıqlayıb.

 

Bu istedadlı gənc tələbəmizlə müsahibəni təqdim edirik:

 

Əvvəlcə onu tanıyaq...

 

“Aysu İsmayılova, 2018-ci ildə 543 balla Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinə qəbul oldum. Hazırda bu fakultənin IV kursunda təhsil alıram”

 

-Müraciət prosesiniz necə oldu, bu zaman hansı sənədlər lazım idi?

 

-Sentyabrdan etibarən müraciətləri göndərməyə başladım. İlk olaraq esse yazmaq, cv hazırlamaq lazım oldu. Eyni zamanda əvvəlki 3 ilik təhsil göstəricimi təqdim etməli idim. Bununla yanaşı IELTS imtahanında iştirak etdim və 7,5 bal nəticə göstərdim. Bütün lazım olanlar tamamlandıqdan sonra sentyabr-oktyabr ayları ərzində universitetlərə müraciət etməyə başladım. Çox universitetlərdən cavablar yanvar ayında gəldi. Sonra digər bir neçə ölkənin də ali təhsil müəssisələrinə müraciətlərimi göndərməyə başladım, təqaüd proqramlarına müraciət etdim və qazandım. Hələlik bircə Finlandiyanın təqaüd proqramından xəbər çıxıb, tam təqaüd qazanmışam.

 

 

-Qəbul aldığınız universitetlər arasında seçiminiz hara olacaq? Səbəbi maraqlıdır...

 

-Təhsilimi İngiltərədə davam etdirməyi düşünürəm və bunun üçün dövlət proqramına müraciət edəcəm. İngiltərədən qəbul aldığım universitet dünya reytinqində 7-ci pillədədir, Londonda yerləşir. Bu səbəblərə görə “Imperial College London”u seçməyi düşünürəm. Burada təhsilimi süni intellekt üzrə davam etdirəcəyəm.

 

-Ümumilikdə təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var?

 

-İngiltərədə təhsilimi tamamladıqdan sonra xarici bir ali təhsil müəssisəsində “fəlsəfə doktoru” dərəcəsi almaq, daha sonra isə ölkəmizə qayıdaraq iş fəaliyyətimi burada qurmağı planlayıram. Süni intellekt çox inkişaf etmiş bir sahədir. Xüsusilə tibb sahəsində bu istiqamətin inkişafı davam edir. Bundan bir çox fərqli istiqamətlərdə faydalanmaq mümkündür.

 

 

-Son olaraq sizin kimi təhsilini xaricdə davam etdirmək istəyən gənclərə nə kimi tövsiyələriniz olar?

 

-Xaricdə təhsil almaq üçün müraciət etməkdən çəkinməsinlər, onlarda alınmayacağını da düşünməsinlər. İlk dəfədən alınmaya bilər, amma yenə də ruhdan düşməsinlər. Çünki sonrakı müraciətlərində alınma şansının daha yüksək olma ehtimalı ola bilər.