Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-18 10:00:00
2022-ci il dövlət büdcəsində təhsil üzrə xərclər BU ŞƏKİLDƏ tənzimlənəcək

“Təhsilə ayrılan xərclər onun əlçatan olmasına və keyfiyyətinə ciddi təsirini göstərəcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

 

O, 2022-ci il üçün dövlət büdcəsindən təhsilə ayrılan xərclərə diqqət yetirib:

 

“2022-ci ilin dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri də təhsilə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. Bu  onu göstərir ki, Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafını hər zaman xüsusi diqqətdə saxlayır. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il artırılması bu fikri bir daha təsdiq edir.  

 

Belə ki, növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında 2020-2021-ci tədris ili ilə müqayisədə 15 min 893 nəfər və ya 16,7 faiz artım nəzərdə tutulur. Bununla dövlət sifarişi ilə təhsil alan ümumi tələbə sayının 110 min 834 nəfərə çatdırılması planlaşdırılır.


Beləliklə dövlət hesabına təhsil alan tələbələrin sayının cari illə müqayisədə 2569 nəfər artırılması, təqaüd alan tələbələrin sayının isə 12 mindən yuxarı rəqəmə çatdırılması nəzərdə tutulur”.

 

 

O, ümumtəhsil məktəbləri üçün ayrılan xərclərdən də bəhs edib:

 

 

“Həmçinin, xüsusi təhsilə cəlb olunan şagirdlərin xərclərinin dövlət tərəfindən qarşılanması üçün 2 dəfə artıq vəsait ayrılması planlaşdırılır. Gənc mütəxəssislərin kənd yerlərində ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onlara kirayə və kommunal xərclərlə əlaqədar verilən kompensasiyaların məbləği isə 50 faiz artırılır.

 

 

Eyni zamanda, ümumtəhsil məktəblərinin şagirdlərinin pulsuz dərsliklərlə təmin edilməsi və texniki vəsaitlərin alınması üçün isə 21 milyon manat və ya cari illə müqayisədə 2 milyon manat çox, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün isə 38 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bu addımlar Azərbaycanda təhsilin əlçatan olmasına, təhsilin keyfiyyətinə öz ciddi təsirini göstərəcək.

 

 

Bu həm də onu göstərir ki, dövlət təhsilin inkişafı ilə bağlı üzərinə düşəni edir. Biz isə çalışmalıyıq ki, bu vəsaitlərdən səmərəli istifadə edərək, təhsilimizin inkişafına, dünya reytinqlərində irəliləməsinə öz töhfəmizi verək. Gələcək təhsili güclü olanlarındır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları