https://www.zirve.edu.az/ #
2021-10-25 15:51:00
Operativ Qərargahın qüvvədə olan QADAĞALARI - Diqqətli olaq

Azərbaycanda koronavirus pandemiyasına qarşı vaksinasiya prosesinin sürətlənməsindən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən xüsusi karantin rejimi ilə bağlı yumşalmalar tətbiq edildi. Əlavə olaraq, həmin tarixdən bir çox iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi həyata keçirildi. Yumşalmalardan sonra fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində, xeyir-şər məclislərində və kütləvi toplaşma tələb edən xidmət sahələrində COVID-19-a qarşı peyvənd pasportu tələb olunur.

 

Son günlər ali məktəblərdə yoluxma halının artması, qarşıdakı günlərdə hansısa qadağaların qüvvəyə minəcəyilə bağlı müzakirələrə səbəb olub.

 

Aktuallığı nəzərə alaraq, Modern.az yumşalmalara baxmayaraq, qüvvədə olan karantin qaydalarını araşdırıb. Xüsusi karantin rejiminin ləğv edilməmiş tələblərini təqdim edir:

 

- Nazirlər Kabinetinin qüvvədə olan qərarına əsasən, mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyət göstərir;

 

- Dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır;

 

- Bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinin dayandırılması qüvvədə qalır. Lakin tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisnadır;

 

- İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağandır;

- Həmçinin, xüsusi karantin qaydalarına görə, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinə icazə verilmir;

 

- İctimai iaşə obyektlərinə, ticarət mərkəzlərinə, digər qapalı məkanlara olduğu kimi toylara giriş də ancaq vaksin pasportu ilə mümkündür. Üstəlik, toy məclislərində vaksin pasportu təqdim edən ancaq 150 nəfər iştirak edə bilər;

 

Müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Karantin qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.