https://www.zirve.edu.az/ #
2021-10-07 17:56:00
Azərbaycanlı müəllim Nobel Mükafatı Sammitinə dəvət aldı-İLK DƏFƏ -TƏƏSSÜRAT

 

 

 

Sabah İngiltərədə dünyanın ən nüfuzlu mükafatlarından hesab olunan Nobel Mükafatı Sammiti keçiriləcək.

 

Budəfəki sammitdə iştirak edənlər arasında ilk dəfə olaraq bir Azərbaycan müəllimi də yer alır. Belə ki, Global Teacher  Prize nominasiyasının finalçılarından  olan ingilis dili müəllimi Məhəmməd  Qarakişiyev bu sammitdə iştirak üçün dəvət alıb.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında Məhəmməd Qarakişiyev bunun təhsil üçün çox vacib məqam olduğunu bildirərək sammitə dəvətindən danışıb:

 

“Sabah keçiriləcək Nobel Mükafatı Sammitinə Azərbaycanda ilk təhsil işçisi kimi  dəvət almışam. İngiltərədə təşkil edilən mərasim, pandemiya səbəbi ilə çox təəssüf ki, onlayn formada təşkil ediləcək. Mərasimdə iştirak edəcək qonaqların hər birinə onlayn formada iştirak üçün fərdi şəkildə dəvət göndəriləcək. Mən çox istəyərdim ki, əyani şəkildə iştirak edim. Eyni zamanda bu təhsil üçün də çox vacib bir məqamdır, çünki burada təhsil mükafatı sammiti də keçirilir. Demək olar ki, bütün dünya ölkələrindən bu sahə üzrə müxtəlif nümayəndələr qoşulacaq.Nəticədə bizə təhsilin müxətlif pillələri üzrə mezakirələrə qoşulmaq imkanımız olacaq”.

 

O, bu dəvətin digər müəllimlər üçün motivasiya ola biləcəyini qeyd edərək bunun üçün cəhd etmək lazım olduğunu vurğulayıb:

 

“Düşünürəm ki, Azərbaycan müəllimi olaraq bu mərasimdə iştirakım müəllimlərimiz üçün motivasiya ola bilər. Biz niyə də dünyanın bu cür böyük mükafatlandırma mərasimlərindən geri qalaq. Bunun üçün mütləq cəhd göstərmək lazımdır. Mən ilk gördükdə müraciət etmək qərarına gəldim. Doğrusu, əvvəl qəbul etməzlər deyə düşündüm, ancaq səbahkı gün dəvət məktubu aldım”.

 

 

Müəllim, sammitdə iştirak üçün müraciət prosesi və tələblərdən danışıb:

 

“Müraciət prosesi üçün ilk olaraq ərizə forması doldurmaq lazımdır. Burada müəyyən tələblər var. Məsələn, müraciət zamanı 30 saniyəlik bir video çəkib göndərməlisiniz. Bununla yanaşı müvafiq sahələr üzrə təşkil edilən müzakirələrə qoşulmaq imkanınız olmalıdır. Təhsilə dair təkliflərinizi bildirməli, digər təklifləri dinləməli və müzakirələrdə aktiv olmalısınız. Əsas isə şübhəsiz ki, ingilis dili bilikləriniz yüksək səviyyədə olmalıdır. Çünki mərasim bu dildə təşkil edilir. İngilis dili müəllimi olmağım mənə bu kimi sammitlərdə iştirak etməyə imkan verir”