Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-14 17:23:00
MDU əməkdaşları şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər

2021-ci ilin 10 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər.


AzEdu.az xəbər verir ki, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qazilərin, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağın qarşısına gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad edilib.


Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində 30 il həsrətində olduğumuz əzəli torpaqlarımızın düşmən işğalından azad edilərək tarixi ədalətin bərpa olunmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olmasından və O.Nəcəflinin keçdiyi şərəfli döyüş yolundan danışıblar.


Şəhid məzunun tələbəlik illərindən bəhs edən MDU-nun İqtisadiyyat fakültəsinin dekan müavini Nazim Niftəliyev onu nümunəvi, nizam-intizamlı və əsl Azərbaycan gənci kimi xatırladığını bildirib. N.Niftəliyev dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Oruc kimi qəhrəman oğulların müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.


Vətəninə, xalqına layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını ifadə edən və universitetin qəhrəman məzunları ilə qürur duyduqlarını qeyd edən MDU-nun akademik heyət üzvləri və tələbələri ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.


MDU-nun şəhid məzunu O.Nəcəfli 1989-cu il avqustun 29-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. O, 2007-2011-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən O.Nəcəfli oktyabrın 17-də “Tülkü dərəsi” adlandırılan ərazidə qəhrəmancasına şəhid olub. Döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.


Qeyd edək ki, 44 günlük tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi fəaliyyət göstərir.