Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 14:20:13
30 əcnəbi tələbəyə Cümhuriyyət dərsi

Martın 6-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu ” mövzusunda növbəti “Novruz mühazirəsi” keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin QurbanovGəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

Mühazirə iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. Nazir müavini xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə strateji hədəflərdən olduğunu qeyd edib və bu dövrdə xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin - Xalq Maarif Nazirliyinin yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı bildirilib.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.