Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 nəfərin diplomu ölkə ərazisində tanınmayıb.

 

Bu barədə AzEdu.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, bu müraciətlərin çoxu Rusiya Federasiyasının Azərbaycan Respublikası ərazisində filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə (Dağıstan Dövlət Universiteti, Cənubi Rusiya Humanitar İnstitutu, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu, Rusiya Dövlət Sosial Universiteti) məxsusdur.

 

Qeyd olunub ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

- Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

- Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

- M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

- İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).