Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 10:40:00
BMU-da Koreya dili kurslarına qəbul başlayıb  

Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində fəaliyyət göstərən Xırdalan Seconq İnstitutunda ödənişsiz Koreya dili kurslarına tələbə qəbuluna start verilib.

 

Koreya dili kurslarına K-pop, Koreya kinosu və Koreya mədəniyyəti ilə maraqlanan, həmçinin Azərbaycanda yaşayan və ibtidai sinifdə təhsil alan şagirdlərdən başqa, hər bir kəs müraciət edə bilər.

 

BMU-dan bildirilib ki, qeydiyyat prosesi 2 mərhələdən ibarətdir və 7 avqusta kimi davam edəcək.

 

Qeydiyyat zamanı Koreya dilini bilən şəxslərdən dil səviyyələrini yoxlamaq üçün səviyyə testi götürüləcək. Dili sıfır səviyyədə olan şəxslərdən səviyyə testi götürülməyəcək, lakin qeydiyyatın tamamlanması üçün universitetə gəlmələri zəruridir. Yalnız BMU-ya gələn və səviyyə testindən keçən şəxslərin qeydiyyatı tamamlanmış hesab olunacaq. Müraciət edənlərin sayı çox olarsa, BMU-ya gələrək qeydiyyatı ilk tamamlamış şəxslər kursda iştirak etmək şansı qazanacaq. Seçim isə qeydiyyat siyahısına əsasən sıra ilə aparılacaq.

 

Dərslər Koreya dili müəllimləri tərəfindən keçiriləcək. Tədris zamanı elektron dərs materiallarından istifadə ediləcək. Kitab formasında dərsliklərdən istifadə olunduğu halda, əlavə ödəniş tələb edilə bilər.

 

Tədris müddəti 11 sentyabr – 24 dekabr 2021-ci il tarixlərini (15 həftə) əhatə edir. 6 qrupda təşkil olunacaq dərslər həftənin çərşənbə axşamı və çərşənbə günləri onlayn, şənbə günləri isə BMU-da keçiriləcək. Koreya dili kursunu müvəffəqiyyətlə başa vuran tələbələr isə sertifikatla mükafatlandırılacaq.

 

Məlumat üçün bildirək ki, Xırdalan Seconq İnstitutu BMU, Koreya Respublikasının Seconq İnstitutu Fondu və İnha Universiteti tərəfindən 2020-ci ilin sentyabr ayında təsis olunub. 2020-ci ilin payız semestri ərzində 78 dinləyici, 2021-ci ilin yaz semestri ərzində isə 103 dinləyici kursu müvəffəqiyyətlə başa vurub və sertifikatla mükafatlandırılıb.