Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 09:12:00
İyun ayında keçirilən beynəlxalq imtahanlarda 86 nəfər iştirak edib  

Dövlət İmtahan Mərkəzində (DİM) iyun ayı ərzində ACCA, ТРКИ, Pearson VUE, GRE, TOEFL iBT, SAT beynəlxalq imtahanlar keçirilib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, ay ərzində maliyyə, mühasibat uçotu və audit sahələri üzrə peşəkar kvalifikasiya sayılan ACCA-in Financial Accounting (FA) üzrə imtahanında 1 namizəd iştirak edib.

Beynəlxalq rus dili xarici dil kimi imtahanında iştirak edən 3 namizəd müvafiq olaraq B1, C1 və C2 səviyyələri üzrə imtahan verib.

Test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunan Pearson VUE vasitəsilə Oracle Certification Program, Institute of Internal Auditors və PMI - Project Management Institute kimi qurumların imtahanlarında 4 namizəd, dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunan GRE (Graduate Record Examinations) imtahanında 1 namizəd iştirak edib.

İngilis dili üzrə oxu, yazı, dinləmə və ünsiyyət bacarıqlarını ölçən TOEFL iBT® (Test of English as a Foreign Language) imtahanında 27 nəfər, SAT Subject imtahanında isə 51 nəfər iştirak edib.

Ay ərzində DİM-də keçirilən beynəlxalq imtahanlarda ümumilikdə 86 nəfər iştirak edib.

Beynəlxalq imtahanlar haqqında ətraflı məlumatla DİM-in saytında verilmiş keçiddən tanış olmaq mümkündür.