https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-21 11:48:00
UFAZ-da Alexander Wattinin "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimatı keçirilib  

İyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən  Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan-Fransa arasında əlaqələrin inkişafına öz töhfəsini vermiş yazıçı, redaktor və tarixçi Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə fransalı yazıçı, redaktor və tarixçi Alexander Wattin, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri və Azərbaycanda Fransız İnstitutunun (IFA) direktoru Jerrome Kelle, Mərakeşin Azərbaycandakı Səfiri Mohamed Adil Embarch, Xarici İşlər Nazirliyinin nümayəndəsi və kitabın redaktoru Gülnarə Məmmədova, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, həmçinin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ailə üzvləri - qızı Almaz Cəbrayılova, oğlu Çingiz Cəbrayılov, nəvələri və digər qonaqlar iştirak edib.

 

"Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının müəllifi Alexander Wattin çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan insanlara və UFAZ-a tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib.

Əfsanəvi partizan Ə. Cəbrayılovun qızı A.Cəbrayılova da çıxışında kitabın müəlliflərinə və tədbirin təşkilatçısı UFAZ-a təşəkkürünü bildirib. Atası haqqında xatirələrindən danışan A.Cəbraylova Azərbaycan və eyni zamanda Azərbaycanın qəhrəman oğulları ilə bağlı tarixi həqiqətlərin və erməni saxtakarlığını ifşa edən faktların yer aldığı belə bir kitabın mühüm əhəmiyyət daşıdığını deyib.

 

Tədbirdə kitabın müəllifi A.Wattin UFAZ tərəfindən sertifikatla mükafatlandırılıb. Eyni zamanda UFAZ-ın icraçı direktoru V.Əskərova A. Wattin  tərəfindən medal təqdim edilib.

 

Qeyd edək ki, kitab Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2020-ci il tarixli Sərəncamna əsasən İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinə həsr olunub.