https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-07 16:05:00
Direktor müavinlərinin işə qəbulu üzrə test imtahanının nəticələri açıqlanıb  

Peşə məktəblərinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, test imtahanı nəticələrinə əsasən tədris istehsalat işləri və tərbiyə işləri üzrə direktor müavini vakansiyaları üzrə keçid balı 30, inzibati təsərrüfat işləri üzrə direktor müavini vakansiyaları üzrə isə 20 bal müəyyən edilib. Test imtahan mərhələsində iştirak etmiş namizədlərdən 77 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. İmtahan mərhələsində ən yüksək nəticə olaraq 46 bal qeydə alınıb. Namizədlər öz imtahan nəticələri barədə daha ətraflı məlumatla portal.edu.az elektron sistemindəki şəxsi kabinetlərində tanış olar bilərlər.

 

İmtahandan uğurla keçən şəxslərlə müsahibələr ilk olaraq Bakı və Sumqayıt şəhərləri üzrə vakant yerlərə müraciətlər olmaqla mayın 24-dən iyunun 4-dək təşkil ediləcək. Müsahibələrin keçirilmə tarixləri barədə məlumat namizədlərə fərdi şəkildə SMS bildirişi vasitəsilə təqdim ediləcək. Sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndiriləcək.

 

İmtahan nəticələrindən narazı olan şəxslərin müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsabiqənin Apellyasiya komissiyası yaradılıb. Nəticələrlə bağlı narazılığı olan şəxslər mayın 18-nə kimi [email protected]  ünvanına yazılı şəkildə müraciət edə bilərlər.

 

Xatırladaq ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub.