Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 15:53:00
“Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” mövzusunda vebinar təşkil olunacaq  

Təhsil İnstitutu mayın 19-da “Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” mövzusunda vebinar keçirəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbir innovativ inkişafda mühəndis tədqiqatlarının əsas roluna həsr olunacaq. Vebinar zamanı dünyada və Azərbaycanda elmi-tədqiqat müəssisəsinin qarşısında duran problem və çətinliklər, elmi tədqiqatların gücləndirilməsi, sənayeyönümlü tədqiqatların aparılması və bu prosesdə ali təhsil müəssisələrinin rolu müzakirə olunacaq.

 

Vebinarda spiker qismində Roma Sapienza Universitetində elektrik, elektronika və nanotexnologiya mühəndisliyi üzrə doktorantura təhsili alan Orxan Kərimzadə çıxış edəcək. Orxan Kərimzadə hazırda günəş elektrik stansiyaları üçün GaN (Gallium nitrate) əsaslı inverterlərin layihələndirilməsi üzərində çalışır. O, bakalavr təhsilini Cənubi Koreyanın KAIST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) elektrik və elektronika mühəndisliyi ixtisası üzrə alıb. Daha sonra London İmperial Kollecində bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura təhsilini davam etdirib. 2016-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsində dekan müavini, ADA Universitetində isə müəllim kimi çalışıb. 2019-cu ildə isə Yaponiyanın “Hitachi” şirkətində qonaq tədqiqatçı kimi işləyib. Bundan əlavə, Orxan Kərimzadə bir kitab və 12 elmi məqalənin həmmüəllifidir.

 

Tədbir təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək vebinarda iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün mayın 16-dək bu linkdə qeydiyyatdan keçmək xahiş olunur: https://forms.office.com/r/Aa2P1NuJ2c