Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Gələcəyin Proqramçıları” layihəsinin bağlanış mərasimi keçirilmişdir.
AzEdu.az xəbər verir ki, tədbirdə layihə rəhbəri, ekspertlər, təlimçilər, məktəb rəhbərliyi, valideynlər və layihə iştirakçısı olan şagirdlər iştirak etmişlər.
Tədbirin açılışında layihə rəhbəri çıxış edərək layihənin məqsədi, icra müddətində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə məlumat vermişdir. Daha sonra ekspert və təlimçilər çıxış edərək şagirdlərin proqramlaşdırma, alqoritmik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarıqlarında müşahidə olunan inkişafı vurğulamış, bu kimi layihələrin gələcəyin rəqəmsal bacarıqlarının formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər.
Bağlanış mərasimində layihə çərçivəsində şagirdlər tərəfindən hazırlanmış proqramlaşdırma layihələri və innovativ işlər nümayiş etdirilmişdir. İştirakçılar hazırladıqları layihələrin məqsədi, işləmə prinsipi və tətbiq imkanları barədə təqdimatlar etmiş, qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Valideynlər çıxışlarında layihənin övladlarının texnologiyaya marağının artmasına, yaradıcı və məntiqi düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini bildirərək layihənin təşkilatçılarına təşəkkürlərini ifadə etmişlər.
Layihənin yekun qiymətləndirilməsi zamanı iştirakçıların əldə etdikləri nəticələr təqdim olunmuş, proqram boyunca göstərdikləri fəallıq və nailiyyətlər yüksək qiymətləndirilmişdir. Tədbirin sonunda layihəni uğurla başa vuran bütün şagirdlərə sertifikatlar təqdim olunmuş, onların gələcək uğurlarına inam ifadə edilmişdir.
Qeyd edək ki, “Gələcəyin Proqramçıları” layihəsi şagirdlərdə proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal savadlılığın artırılması və innovativ düşüncə tərzinin formalaşdırılması məqsədilə həyata keçirilmiş, iştirakçılara həm nəzəri biliklər, həm də praktiki layihələr üzərində işləmək imkanı yaratmışdır.