Azedu.az

Bu dəfə auditoriyalara yox, yeni həyata addımlayırlar - Məzunların ADNSU-ya vida günü... - REPORTAJ

AzEdu Təhsil Platforması

24 İyun 2026, 11:40
Bu dəfə auditoriyalara yox, yeni həyata addımlayırlar - Məzunların ADNSU-ya vida günü... - REPORTAJ

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) doğma divarlar arasından uğurladığı yetirmələri ilə vidalaşmaq üçün təntənəli bir “Məzun günü” təşkil etmişdi.

AzEdu.az Təhsil Portalı olaraq, biz də bu özəl gündə iştirak etdik. Məzunların sevincinə şərik olub, onlarla həmsöhbət olduq və bu unudulmaz anları lentin yaddaşına köçürərək əbədiləşdirdik.

Bakı Kristal Zalın ətrafında bizi gələcəyə tələsən böyük bir tələbə axını qarşıladı. Addımlarda bir qədər tələskənlik, bir az da həyəcan vardı... Kimisi valideynlərinin qürurlu baxışları altında, kimisi çiyin-çiyinə verdiyi sadiq dostları ilə son xatirə şəkillərini çəkdirir, kimisi isə içindəki qəribə bir hüznlə zala doğru irəliləyirdi. Hər çöhrədə eyni hissləri görməmək mümkün deyildi. Sanki ayrılığın kədəri ilə nailiyyətin sevinci bir-birinə qovuşmuşdu.

185698

Zalda da mənzərə eyni duyğusal çalarlarla zəngin idi. Kameraya gülümsəyən xoşbəxt simalar, yaşarmış gözlərlə bir-birinə sarılan rəfiqələr, əlindəki telefonla övladının sevincini bir kadra, bir videoya sığışdırmağa çalışan valideynlər... Övladına, bacısına, sevgilisinə gül dəstəsi uzadanlar...

185702

Bu böyük izdihamda hər kəsin gələcək cığırı, fərqli arzuları olsa da, onları birləşdirən ortaq bir dəyər var idi -ADNSU tələbəsi olmaq fəxri və o parıldayan gözlərin arxasında gizlənən ayrılıq kədəri.

Saat tam 19:00-dur...

Tələbələr böyük bir coşqu, gur alqış sədaları ilə ADNSU rektoru Rüfət Əzizovu qarşılayırlar. 

Rektor çıxışında məzunları bu sözlərlə təbrik edib:

185725

"ADNSU hər zaman sizin doğma evinizdir və qapılarımız üzünüzə həmişə açıq olacaq.

Sizi məzun gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz bu uğuru tək əldə etmədiniz. İllər ərzində valideynləriniz və müəllimləriniz bu uğuru sizinlə birgə yaşadılar. ADNSU ölkəmizin ən qədim universitetlərindən biridir. Universitet 106 ildən artıqdır ki, ölkəmizin neft-qaz, kimya və digər mühüm sahələrinə yüksəkixtisaslı mütəxəssislər hazırlayaraq xidmət edir.

Bu müddət ərzində universiteti təkcə Azərbaycanın deyil, dünya elminin inkişafına töhfə vermiş görkəmli alimlər bitiriblər. Xüsusilə qeyd etmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyev də universitetimizdə təhsil alıb. Bu fakt bizim üçün ayrıca qürur mənbəyidir.

Hazırda universitetimiz beynəlxalq əlaqələrini də sürətlə genişləndirir. Təsadüfi deyil ki, bu gün ADNSU-da 1000-dən çox əcnəbi tələbə təhsil alır.

Uğurlarımızın növbəti göstəricisi kimi, universitetimiz qlobal reytinq cədvəllərində də mövqeyini möhkəmləndirib. Belə ki, ötən gün açıqlanan QS Dünya Universitetləri Reytinqində ADNSU 711-ci pilləyədək yüksəlməyə nail olub".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri məzunu, Elm və Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək məzunları nazirlik adından salamlayıb.

185724

O qeyd edib ki, ölkəmizin təhsil tarixində ilk dəfə olaraq üç universitetimiz dünyanın aparıcı ali təhsil müəssisələrinin yer aldığı reytinq siyahısına daxil olub və bu uğur məhz tələbələrin əzmi və zəhməti sayəsində mümkün olub.

Məzunlara hər zaman inkişaf etməyi tövsiyə edən İdris İsayev onların daim öyrənməli, öz üzərlərində çalışmalı və yeni biliklər qazanmalı olduqlarını vurğulayıb.

Gənclərin yetişməsində əməyi olan hər kəsə təşəkkür edən nazir müavini professor-müəllim heyətini səmimi qəlbdən təbrik edib, onların təhsil sahəsindəki xidmətlərinin danılmaz olduğunu bildirib.

Sonda İdris İsayev məzunları bir daha təbrik edərək, onların həm ailələrinin layiqli övladları, həm də universitetlərinin adını ucaldan məzunlar kimi ölkəmizə faydalı vətəndaşlar olmalarını arzulayıb.

Azərbaycan Neft və Sənaye Universitetinin məzunları sırasında "Modern Media Qrup"un rəhbəri Elşad Eyvazlının övladı Yusif Eyvazlıda var idi. 

185721

İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Yusif Eyvazlı məzun günü təəssüratlarından danışarkən qeyd edib ki, universitetə qəbul olunduğu gün yaşadığı sevinc və qürur hissi bu gün də onunla bərabərdir.

Onun sözlərinə görə, məzuniyyət sevinci həmin xoşbəxtliyin davamıdır.

185733

“Universitet dövrü insan həyatının ən gözəl illərindən biridir. Təbii ki, mən də bu gün qürur hissi keçirirəm. Təhsilimi uğurla başa vurduğum üçün özümlə fəxr edirəm və gələcəkdə də ixtisasım üzrə inkişaf etməyə davam edəcəyəm. Kompüter təhlükəsizliyi ixtisası üzrə magistratura təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram.

Hər bir məzun kimi mən də özümü çox xoşbəxt hiss edirəm. Bu gün mənim üçün çox önəmlidir. Düşünürəm ki, dörd ilin başa çatması hər şeyin sonu deyil. Əksinə, həyatın yeni və daha məsuliyyətli mərhələsi məhz bundan sonra başlayır.

Bundan sonra da öz üzərimdə çalışmağa, peşəkar bacarıqlarımı inkişaf etdirməyə və öz sahəmdə ölkəmizə, xalqımıza faydalı bir vətəndaş olmağa çalışacağam.

Universitetə qəbul olmaq istəyən abituriyentlərə isə demək istəyirəm ki, çox çalışmaq lazımdır. Hər bir şagird və abituriyent bu mərhələdən keçir. Mən demirəm ki, bu yol asandır. Bəzən çətin görünə bilər, amma bu, yaşanmalı və öhdəsindən gəlinməli bir dövrdür. Ən əsası isə odur ki, hər zəhmətin və hər çətinliyin sonunda uğur və xoşbəxtlik dayanır".

ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin Mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə məzunu Ayan Hacılı məzun günü ilə bağlı təəssüratlarından danışarkən qeyd edib ki, yüksək akademik göstəricilərinə görə bu gün sertifikatla mükafatlandırılıb:

185732

"Məzun günümdə çox həyəcanlıyam. Dörd illik əziyyətimizin sonunda bu gün həm tədbirimiz çox gözəl keçdi, həm də belə bir nailiyyət əldə etdiyim üçün çox sevincliyəm. Universitet haqqında düşüncələrimə gəldikdə isə, bu dörd il mənim həyatıma çox şey qatdı. Həm təhsil baxımından, həm gözəl dostluqlar, həm də müəllimlər baxımından çox şanslı oldum. Universitet illərimdə həm öz ixtisasım üzrə püxtələşə bildim, həm də böyük nailiyyətlər qazandım.

Gələcək planlarımda ilk növbədə magistr təhsili almaq var. Magistraturanı yenə Azərbaycanda oxumağı düşünürəm. Bəlkə öz universitetimdə, bəlkə də başqa bir universitetdə olar, amma mütləq burda davam edəcəm. Eyni zamanda, öz ixtisasım üzrə işləməyi də planlaşdırıram.

Universitetə qəbul olmaq istəyən abituriyentlərə isə tövsiyəm odur ki, ilk növbədə öz ixtisaslarını düzgün seçsinlər, həvəsləri olan sahəyə yönəlsinlər. Daha sonra universitetləri araşdırıb, seçmək istədikləri ixtisasın harada daha yaxşı tədris olunduğuna baxsınlar. Əgər bəyənsələr, həmin universiteti seçsinlər. Məsələn, mənim ixtisasım bizim universitetdə çox inkişaf etmişdi. Biz həm mühazirələrdə, həm də laboratoriya dərslərində çox zəngin praktiki biliklər əldə etdik və ixtisasca çox yaxşı inkişaf elədik.

Abituriyentlərə də məsləhətim budur ki, universitetlərini və ixtisaslarını düzgün seçsinlər, dörd illərini yaxşı dəyərləndirib sahələrini dərindən öyrənsinlər və gələcəkdə Azərbaycan üçün çox dəyərli, yaxşı bir mütəxəssis olsunlar".

185695Hələ 14-15 yaşlarında ali məktəb xəyalları quran, ömrün ən qayğısız çağlarında çiyinlərində buraxılış və qəbul imtahanlarının ağır məsuliyyətini daşıyan o abituriyentlər... İndi artıq xəyalını qurduqları universitetdən məzun statusu alaraq böyük həyata doğru ilk cəsarətli addımlarını atırlar.

185706

Tələbəlik - insan ömrünün həm ən gözəl, həm də ən çətin dövrüdür. Gəncliyin bu qızıl illərini tələbə kimi yaşamaq, özü də Azərbaycanın ən köklü ali təhsil ocaqlarından olan ADNSU-da təhsil almaq xüsusi bir qürurdur. Həyatın ən möhkəm dostluqları da, bəzən insanı xəyal qırıqlığına uğradan yanlış əlaqələr də məhz bu illərdə qurulur.

185714

185719

Əslində, dörd il əvvəlki günlə bu gün arasında elə də böyük bir fərq yoxdur. Dörd il öncə universitetə qəbul olmağın coşqusunu yaşayan, lakin daxilən o naməlum yeni həyata addım atmaqdan qorxan tələbə ilə, bugünkü məzun eyni hisslərin burulğanındadır. Yenə o eyni sehrli ikilik böyük bir sevinc və qəlbə hakim olan həzin bir qəm.

185712

Azərbaycan Neft və Sənaye Universitetinin menecment (tədrisi ingilis dilində) ixtisasından məzun olan Musayev Mirhüseyn qeyd edib ki, bu universitetdən məzun olduğum üçün fəxr edirəm:

185738

"Təhsil aldığı müddətdə universitetdə həm peşəkar, həm də qrup yoldaşlarım ilə birlikdə çox gözəl, səmimi bir mühit formalaşdı. Məhz ADNSU kimi nüfuzlu bir universitetdən məzun olduğum üçün fəxr edirəm.

Bu ali təhsil ocağı mənə lazımi bacarıqları, həm də yüksək təhsil qazandırdı".

Gələcək planlarından da söz açan məzun, növbəti hədəfinin magistratura pilləsində oxumaq olduğunu qeyd edib.

O, magistraturaya qəbul olaraq təhsilini idarəetmə elmi və yaxud maliyyə istiqaməti üzrə davam etdirmək niyyətindədir.

Bu pillədə də yenidən öz doğma universitetinə ADNSU-ya qəbul olmağa ümid etdiyini deyən Mirhüseyn, eyni zamanda digər universitetlərdə də bu ixtisaslar üzrə təhsil almaq imkanlarını istisna etmədiyini əlavə edib.

185703

Artıq yorucu imtahan sessiyaları, gecələri sabaha calayan (34+17) balın gərgin hesabatları, mühazirələr və seminarlar geridə qaldı. İndi onlar həyatın tam fərqli bir mərhələsinə dörd il əvvəl inamla seçdikləri o böyük yola davam edəcəklər.

Şübhəsiz ki, tələbəlik illəri hər kəsin taleyində eyni izi qoymur, hər kəs üçün eyni keçmir. Bir çoxları öz xərclərini qarşılamaq üçün gecə-gündüz çalışıb, yorğunluqdan mühazirə və seminarlarda mürgüləyərək müəllim töhməti eşitdi, bir çoxları isə elmin sirrini elə auditoriyadaca qavrayıb ən yüksək ballara imza atdı. Lakin bu fərqliliklərin hər biri, bu gün Kristal Zalın gur işıqları altında parıldayan o diplomların görünməyən, lakin ən dəyərli bəzəyidir.

Məzun olanlar sırasında olan Xəyal Fərzəliyev dörd il əvvəl ADNSU-ya 525 balla Kompüter mühəndisliyi ixtisasına qəbul olanlardandır:

185737

"İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsi tələbəsiyəm, artıq dördüncü kursu bitirdim. Universitet mənim həyatımda çox böyük dəyişikliklərə yol açdı. Burada yeni-yeni müəllimlər tanıdım, yeni dostluqlar qazandım. Buna görə çox xoşbəxtəm. Yaxşı ki ADNSU-nu seçmişəm, yaxşı ki, burada oxumuşam.

Digər tələbə yoldaşlarıma tövsiyə edirəm ki, dərslərinə ciddi yanaşsınlar, dərslərini yaxşı oxusunlar. Çünki məzun olmaq çox böyük, qürurverici bir hissdir. Hər kəsə gələcək həyatında uğurlar arzulayıram".

185696

ADNSU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası, SABAH qruplarının tələbəsi Çinarə Fərəcli də öz təəssüratlarını bölüşüb:

185745

"Mən hər bir kəsə arzu edirəm ki, bu duyğunu yaşasın. Çox gözəl hissdir. Gənclərimizə də buradan demək istəyirəm ki, çox xahiş edirəm, çox yaxşı oxuyun və tələbə olun. Çünki bu hissin dadı həqiqətən çox qəribə, fərqli bir şeydir.

Həm çox gözəl dostluqlar qazandım, həm də həyatım üçün, gələcəyimi qurmaq üçün çox şey öyrəndim. Mənim bu günə gəlməyimdə, bu uğuru əldə etməyimdə əməyi olan hər kəsə, təşəkkür edirəm".

Səhnədən rəsmi və ürəkaçan nitqlər səsləndiyi zaman mən yenə zalda məzunların arasında dolaşıram. Onların üzündəki o şirin təbəssümü, dörd ilin bəxş etdiyi şərəfli yorğunluğu və ən əsası  gözlərindəki gələcəyə hesablanmış o inadkar qətiyyəti görməmək sadəcə qeyri-mümkündür. Rəsmi hissədə həmçinin universitetin ortalama nəticələri yüksək olan tələbələri, magistrantları, eləcə də ali məktəbin sosial həyatında xüsusi fəallıq göstərən gəncləri rektor və nazir müavini tərəfindən sertifikat və  hədiyyələrlə mükafatlandırılır.

Daha bir məzun isə Fidan Allahverdiyevadır:

185735

"Mən ADNSU-nun SABAH qruplarından Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından məzun oluram. Verdikləri təhsilə görə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, SABAH qruplarına, onun rəhbərliyinə, eyni zamanda Təhsil Nazirliyinə böyük təşəkkürlərimi bildirirəm. Ümid edirəm ki, mənim və digər məzunların hər birinin yolu gələcəkdə açıq olar".

SABAH qruplarının daha bir məzunu Nərminə İbrahimovanın təəssüratları belə oldu:

185746

"Bizə bu günü bəxş etdikləri üçün ADNSU rəhbərliyinə, eləcə də SABAH rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Özümə və dostlarıma gələcək həyat yollarında uğurlar, eləcə də bütün məzunları təbrik edirəm. İnşallah hamının yolu açıq olsun, uğurları bol olsun". 

Və budur, tədbirin rəsmi hissəsi yekunlaşır. İşıqlar dəyişir, bədii hissə başlayır. Artıq gərginlik yerini tam bir azadlığa və coşquya verir. Tələbələr universitetləri, dörd il addım-addım birgə yürüdükləri tələbə yoldaşları ilə musiqinin sədaları altında vidalaşır, ürəkdən əylənirlər.

185701

Məzunların arasında qismətin elə bu universitet divarları daxilində qarşılaşdırdığı gənc cütlükləri də görürük. Yan-yana əyləşən, ətrafdakı o çılğın əyləncəni izləyib öz aralarında şirin-şirin söhbət edən sevgililər bizim kameramıza da səmimi bir poz verirlər.

185709

Əzizlərini təbrik etməyə gələn qonaqlar arasında balaca bir qonağımız da diqqətimizdən qaçmır. Ata və anasının qolları arasında rahatca əyləşən, ətrafdakı bu heyranedici gəncliyə maraqla baxan balaca qonaq kameramıza gülümsəyərək sanki gələcəkdə bura yenidən dönəcəyinə söz verir.

185722

Zaldakı səs-küyün içindən keçərkən obyektivimizə tam fərqli bir mənzərə ilişir: bir kənara çəkilib sakitcə ayaqüstü nəsə atışdıran qrup yoldaşları... Onlar hamı kimi rəqs etmək əvəzinə, elə oturduqları yerdəcə bir tikə çörəyi bölüşüb söhbət etməyi seçiblər.

185717

Bir az irəlidə isə bütün qrup bir-birinə sıx sığınıb tarixin ən bütöv, bəlkə də sonuncu xatirə şəklini çəkdirir.

185700

Mahnıdakı o məşhur misralar lap yerinə düşür:

"Çox-çox adi dolanan
Dünyaya, cahana, insana
Gələcəyə inansan
Tələbə, tələbə, tələbə"

185699

Doğrudan da, bu qəribə dünyaya, o yuxusuz qalınan gərgin gecələrə, vaxtilə adamın gözünü qorxudan çətin imtahanlara və qarşıdan gələn o naməlum gələcəyə ancaq bir tələbə belə təmiz, saf bir ürəklə inana bilərdi. İndi hər kəsin ürəyi elə dünəndən bəri sızıldayır. Ayrılığın addım-addım yaxınlaşdığını hiss etdikcə, yada düşən 4 illik xatirələr gəncləri bir-birinə hər zamankından daha doğma, daha mehriban edir.

185708

Hay eşitsə, hay verən
Qəmini saxlayan, gizləyən
Sevincindən pay verən
Tələbə, tələbə, tələbə...

185697

Biz də AzEdu.az Təhsil Portalı olaraq bütün məzunları təbrik edirik.

Əminik ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Dörd il boyunca çəkilən hər zəhmət, oxunan hər mühazirə, o yuxusuz gecələr bu gün hər birinizin diplomunda qürur nişanəsidir.

Əziz məzunlar! Universitet illəri sizə təkcə peşə yox, həm də həyatı, dostluğu və çətinliklərə qarşı dik durmağı öyrətdi. İndi önünüzdə tam fərqli, daha böyük bir dünya açılır. Arzu edirik ki, seçimləriniz, qədəm qoyduğunuz yeni yollar sizi hər zaman zirvələrə aparsın. 

Yolunuz və bəxtiniz hər zaman açıq olsun, məzun adınız mübarək!

185711185728

 

 

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox