Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri Rakib Əfəndiyevin həmmüəllifi olduğu elmi məqalə yüksək impakt faktorlu, Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib.
AzEdu.az xəbər verir ki, “On a Non-Self-Adjoint Sturm–Liouville Problem: Spectral and Inverse Analysis” adlı məqalə Scopus beynəlxalq elmi bazasında indekslənən Boundary Value Problems (SpringerOpen) jurnalında yer alıb. Jurnal “Algebra and Number Theory” istiqaməti üzrə Q1 kvartilinə daxildir və məqalə açıq giriş (Open Access) formatında yayımlanıb.
Tədqiqat işində kompleksqiymətli potensiala malik öz-özünə qoşma olmayan Şturm-Liuvill sərhəd məsələsi araşdırılıb. Məqalədə fundamental həllər qurulub, xarakteristik funksiya müəyyən edilib və diskret spektr təhlil olunub. Potensialın müsbət yarımox üzərinə davam etdirilməsi əsasında Jost tipli həllər daxil edilərək onlara uyğun spektral əmsal təyin olunub. Bununla yanaşı, Qrin funksiyası və rezolvent operator tədqiq edilib, spektrin kompaktlığı və diskretliyi nəzəri olaraq əsaslandırılıb.
Araşdırmanın nəticələri öz-özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsinin və tərs məsələlərin öyrənilməsi istiqamətində mühüm elmi əhəmiyyət kəsb edir və bu sahədə aparılan gələcək tədqiqatlar üçün nəzəri baza formalaşdırır.
Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
Scopus:
//www.scopus.com/pages/publications/105041360444?origin=resultslist