https://www.zirve.edu.az/ #
2021-05-07 14:41:00
“Ən yaxşı videotəqdimat” müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ən yaxşı videotəqdimat” müsabiqəsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsi təhsil müəssisələrinin dərnək rəhbərləri arasında keçirilir.

 

Müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, Nizami sənətinin öyrənilməsi və tanıdılması, eyni zamanda dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisə müasir yanaşmaların təbliğ olunması, bacarıqlı, mütərəqqi fikir və düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə təşkil edilir.

 

Müsabiqə iştirakçıları təqdimatla çıxış edəcək. Çıxışlar 20 may 2021-ci il tarixinədək video formatında BŞTİ-nin [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Müsabiqənin əsas mövzuları “Nizami Gəncəvi yaradıcılığına çəkilmiş illüstrasiyalar”, “Nizami poeziyasının çoxşaxəliliyi”, “Azərbaycan təbiətinin Nizami Gəncəvi yaradıcılığında yeri”, “Nizami yaradıcılığının musiqi ilə inteqrasiyası”, “Nizaminin elmi və astronomik düşüncələrinin bugünkü elm tərəfindən sübutu”ndan ibarətdir.

 

Qiymətləndirilmə zamanı təqdimatın mövzuya uyğunluğu, nəzəri əsasların olması, ümumi yanaşma, məlumatın toplanması və təhlili, əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması, təqdimatın mövcud elmi biliklərin və təcrübənin inkişafına töhfəsi əsas meyarlar kimi götürüləcək.

 

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 10 nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif olunacaq.