Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 14:00:00
Bu qədər gənc rezidenturada oxumaqdan imtina edib – Təəccübləndirici rəqəm və səbəblər  

Həmişə olduğu kimi 2017-ci ildə də rezidentlər arasında təhsil almaqdan imtina edənlər olub. 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, 2017-ci ildə rezidenturada təhsil alan namizədlərin 97-si təhsilini davam etdirməkdən imtina edib.  Onlar arasında aparılan sorğular nəticəsində aydın olub ki, namizədlər rezidenturada təhsil almağa başladıqdan sonra qəbul olunduqları ixtisasın onların arzu və istəklərinə uyğun gəlmədiyini başa düşür, yenidən imtahan verərək başqa ixtisasa sahib olmaq qərarına gəlirlər. Onların bir qismi isə ailə vəziyyəti və digər ölkələrdə keçirilən imtahanlarda uğur qazanmaqları ilə əlaqədar təhsil almaqdan imtina edirlər.

Rezidentura təhsilini müvəffəqiyyətlə başa vuran, amma yenidən bu təhsili alaraq başqa ixtisasa yiyələnmək arzusunda olanlar da az deyil. Qanunvericiliyə əsasən isə  hər kəsin yalnız bir dəfə ödənişsiz təhsil almaq hüququ var. Buna görə də bir dəfə dövlət hesabına rezidentura təhsili almış şəxs yalnız ödənişli əsaslarla yenidən bu pillə üzrə oxuya bilər.

Qeyd edək ki, rezidenturada təhsil almaqdan imtina edənlərin sayı 2011-ci ildə 20-dən çox, 2012-ci ildə 40, 2015-ci ildə 60-dan çox, 2017-ci ildə isə 97 nəfər olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları