https://www.zirve.edu.az/ #
2021-04-21 13:50:00
Psixoloji-tibbi-pedaqoji komissiya uşağın müayinəsini keçirdikdən sonra təhsilinin təşkilinə dair qərar qəbul edilir  

Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az portalında qeydiyyatdan keçdikdən sonra beş iş günü müddətində valideyn (digər qanuni nümayəndə) müvafiq sənədləri yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına təqdim etməlidir.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənədlərə valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi, valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti, uşağın şəxsiyyət vəsiqəsinin surəti, uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U), yaşayış yerindən arayış daxildir.

Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir. Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir, uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin təşkilinə dair qərar qəbul edilir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı məktəbə göndərilir.