Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-22 14:51:00
“Təhsilin ulduzu” müsabiqəsi keçirilir  

Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilin ulduzu” müsabiqəsi keçirilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində tətbiq oluna bilən, təhsilin inkişafına töhfə verən, real təcrübəyə söykənən yeni yanaşmaları, ideyaları tapmaq və geniş auditoriyaya çatdırmaq, öz fəaliyyətində yeniliklərlə seçilənləri aşkara çıxarıb onlara “Təhsilin ulduzu”nu təqdim etməkdir. Buna görə müsabiqəyə təqdim edilən ideyalar təhsildəki bir problemin həllinə və ya mövcud vəziyyətin yaxşılaşdırılmasına yönəlməlidir.

 

Müsabiqədə bütün təhsil işçiləri (məktəbəqədər, orta və ali təhsil pillələrində çalışan müəllim, psixoloq, rəhbər işçi) fərdi qaydada iştirak edə bilərlər. İştirakçı öz ideyasını əvvəlcə yazılı formada təqdim etməlidir. Birinci mərhələdə müraciətlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq. Yazılı müraciətlər martın 1-dək qəbul edilir.

 

Müraciəti müsbət dəyərləndirilən namizədlər daha sonra ideyanı təqdim etmək üçün videoformatda çıxış hazırlayaraq müsabiqəyə təqdim etməlidirlər. Çıxışlar 15 dəqiqədən çox olmamalıdır. Videoçıxışlar martın 15-dək [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Ən yaxşı 3 ideyanın müəllifi yekun tədbirdə çıxışını canlı təqdim edəcək və canlı yayımda “Təhsilin ulduzu” seçiləcək. Final mərhələsinin tarixi yaxın günlərdə açıqlanacaq. Sonda seçilən bir iştirakçıya “Təhsilin ulduzu” kuboku, fəxri diplom və planşet təqdim ediləcək.