Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 16:58:00
Əhməd Cavadın nəticəsi: “Arzum budur ki, babamın da adına Şuşada Mərkəz açılsın”

Repressiya qurbanı olmuş görkəmli şair Əhməd Cavadın nəticəsi Cavad Axunzadə babasının adına Şuşada Türk Dünyası Mədəniyyət və Ədəbiyyat Mərkəzinin açılmasını arzulayır.

AzEdu.az-ın məlumatına görə, C.Axundzadə bu barədə bildirib:

“Düşmən hələ də gözünü Şuşadan çəkmir. Ali Baş Komandan, cənab İlham Əliyevin bildirdiyi kimi Şuşanı, Qarabağı bundan sonra göz bəbəyimiz kimi qorumalıyıq. Şuşa xalqımızın yaddaşında öz tarixi dəyərləri ilə iz qoyub. Bu şəhər Türk dünyasının mərkəzinə çevrilməlidir. Şuşanı qorumaq üçün ideoloji fikri də gücləndirməliyik. Bura Türk dünyasının ədəbiyyat, mədəniyyət, fikir mərkəzi olmalıdır. Düşünürəm ki, belə mərkəzin açılması Türk dünyasının diqqətini Şuşaya, Qarabağa yönəldəcək. Həm də mərkəz tərəfindən Türk dünyasına aid bir sıra tədbirlər də təşkil edilə bilər”.

C.Axunzadə onu da vurğulayıb ki, babası zamanında Türk dünyasının birliyi üçün çalışıb: “Babamın arzusu Türk birliyini görmək idi. Bu gün onun ruhu şaddır ki, torpaqlarımız azad olunub. Qürurverici haldır ki, Şuşamızda, Qarabağımızda Azərbaycan və Türkiyənin bayraqları qoşa dalğalanır”.