https://www.zirve.edu.az/
30.11.2020 17:44
173 universiteti birləşdirən mərkəz ADNSU-da yerləşəcək -FOTO

 

 

 

27 ölkə 173 universiteti birləşdirən Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzi ADNSU-da yerləşəcək

 

Noyabrın 27-də Çinin Lanzhou Universitetinin təşkilatçılığı ilə Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının “Epidemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlıq və mübadilə üçün yeni yanaşma” adlı onlayn konfransı keçirilib. Konfransda 27 ölkədən 150-dən çox universitet, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iştirak edib.

 

Xatırladaq ki, ADNSU 2015-ci ildə Çin Xalq Respublikası tərəfindən “Bir Kəmər və Bir Yol” təşəbbüsü əsasında yaradılan Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının üzvüdür. 27 ölkənin 173 universitetini birləşdirən bu qurum böyük beynəlxalq nüfuza malikdir.

 

Onlayn formatda keçirilən iki hissəli konfrans zamanı təhsillə bağlı ən mühüm məsələlər müzakirə olunub, beynəlxalq əlaqələrdə yeni yanaşmalar, pandemiya dövründə və ondan sonrakı mərhələdə təhsil sahəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, reallıqlar və perspektivlər əsasında yeni inkişaf mexaniziminin detalları təhlil olunub.

 

Konfransda həmçinin İttifaqın rəhbərliyi Qafqazın İpək Yolunda vacibliyini nəzərə alaraq, burada nümayəndəliyin açılması haqqında qərar qəbul edib. Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqazda mərkəzi kimi ADNSU, baş katibi qismində isə Çində ADNSU-nun nümayəndəsi Renying Li təyin olunub. Sözügedən qərar quruma daxil olan ölkələrin universitet rektorlarının, Çin Xalq Respublikasının rəsmilərinin iştirakı ilə keçirilən Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının onlayn konfransında elan olunub.

 

Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək konfransın təşkilatçılarına təşəkkürünü bildirib, 27 ölkədə və bölgələrdəki universitetləri birləşdirən bu təşkilatın ümumi problemlərimizi müzakirə etmək üçün çox gözəl platforma olduğunu iştirakçıların diqqətinə çatdırıb. Sonra professor Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin pandemiya dövründəki təcrübəsi və dünya şöhrətli universitetə aparan yolu haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, “qısa müddətdə bütün imkanlarımızı səfərbər edərək onlayn təlimə keçdik. Eyni zamanda, MICROSOFT TEAMS platformasından istifadə etdik. Bu təhsil növü Çindən Türkmənistana qədər demək olar ki, İpək Yolu ölkələrindən olan bütün xarici tələbələrimizə də şamil edildi. Əlbəttə ki, onlayn dərslərin aparılması metodunda çatışmazlıqlar var idi, ancaq müsbət nəticələrin də şahidi olduq”. Qarşılıqlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğulayan professor Mustafa Babanlı çıxışında qeyd etdi ki, “burada iştirak edən digər universitetlərdə də onlayn dərslərin keçirilməsi təcrübəsi var və bir-birimizə dəstək olmalıyıq. Məsələn, neft və qaz mühəndisliyi sahəsinə aid bir işçi qrupunun yaradılması məqsədəuyğun olardı”. O, eyni zamanda ADNSU-nun Elektron universitet, Təhsil proseslərinin tam avtomatlaşdırılması, Təhsil-Tədqiqat-Sənaye inteqrasiyası, Texnologiyaların ötürülməsi, Startup, İT Akademiyası kimi innovativ istiqamətlərdə öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı sonda  Azərbaycanda Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzinin yaradılması qərarına və ADNSU-ya olan etimad üçün "Bir Kəmər, Bir Yol" Universitet İttifaqına minnətdarlığını bildirib.

 

Onu da qeyd edək ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Bayramov da çıxış edərək “Bir Kəmər, Bir Yol” Universitet İttifaqının əhəmiyyətini qeyd edib.