Bakı Mühəndislik Universitetinin (BMU) təqdim etdiyi “Teledərs” layihəsi çərçivəsində yeni dərslər yayımlanıb. İngilis dilində təqdim olunan bu dərslərə Mexanika mühəndisliyi ixtisası üzrə 1 laboratoriya, Maliyyə, həmçinin Avtomatika və elektroenergetika ixtisasları üzrə 2 nəzəri dərs daxildir.
AzEdu.az-ın məlumatına götə, “Teledərs” layihəsi çərçivəsində 8 həftə ərzində ümumilikdə, 30 dərs təqdim olunub. Universitetin saytında dərslərin rahat izlənilməsi məqsədilə ayrıca bölmə də yaradılıb. BMU tələbələri ilə yanaşı, eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də //beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq təqdim olunan bütün dərsləri istənilən zaman izləyə bilərlər.
Qeyd edək ki, layihə mövcud pandemiya şəraitində təhsilə marağın azalmamasına, distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasların, o cümlədən laboratoriya şəraitində öyrədilməsi vacib olan fənnlərin daha yaxşı mənimsənilməsinə və ingilis dilində oxuyan tələbələrin dil bacarıqlarının inkişafına xidmət edir.