https://www.zirve.edu.az/
22.11.2020 13:17
Məşhur türk universitetinin rektoru: "Qarabağ şəhidlərinin övlad və yaxınlarına pulsuz təhsil verəcəyik"- Müsahibə

 

Hazırda bütün dünyanın diqqət mərkəzində olan əsas mövzulardan biri də ölkəmizin 10 noyabrda əldə etdiyi şanlı qələbədir.

 

Bu zəfərimizdə bizə ən böyük dəstəyi verən ölkə şübhəsiz ki, qardaş Türkiyə oldu.

 

Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın da bizim haqq savaşımızda əldə etdiyimiz qələbəyə ortaq olmaq və təhsilimizə dəstək vermək üçün ölkəmizə gəlib.

 

 

Rektor AzEdu.az-ın suallarını cavablandırıb:

 

-Şenay bəy, Gəncə Dövlət Universiteti ilə ortaq əməkdaşlıq çərçivəsində şəhid ailələrindən olan  soydaşlarımız  növbəti tədris ilindən Nişantaşı Universitetində təhsil alacaq.  Bu barədə daha ətraflı məlumat vermənizi istərdik:  

 

-Azərbaycanda olmaqdan çox məmnunam. Daha öncə də bir neçə dəfə   doğma  vətənə  gəlmişdim. Bu, mənim qardaş ölkəyə dördüncü səfərimdir. Amma heç birisində bu qədər fəxarət hissi duymamışdım. Belə gözəl məqsədlə burada olmaqdan dolayı çox sevincliyəm. Budəfəki gəlişimiz isə mənəvi xarakter daşıyır.

 

Belə ki, Ermənistan 1990-cı illərin başlanğıcında  haqsız şəkildə Azərbaycan torpaqlarını işğal edib. O, Qarabağı özününküləşdirərək, həmin ərazidə dövlət qurmağa çalışıb. Həmin  dövrlərdə şərtlər indikindən bir qədər fərqli idi. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, işğalçı Ermənistan torpaqları tərk etməyərək bu ərazilərə yerləşməyə çalışdı. Bu həm Azərbaycan, həm də Anadolu türklərinin dərin kədərinə səbəb oldu. 27 sentyabr tarixində isə Ermənistan Azərbaycana qarşı  hərbi əməliyyatlara başladı və şanlı Azərbaycan ordusu hərəkətə keçdi. Atatürkün təbirincə desək “məcburiyyət olmadıqca, savaş bir cinayətdir”, Ermənistan Azərbaycanı buna məcbur etdi.

 

Döyüş meydanında üstünlük əldə edə bilməyən mənfur qonşular  Azərbaycanın mülki əhalisini öldürməyə və döyüş meydanından kənar bölgələrinə  bombalar atmağa başladı. Biz Türkiyə olaraq bu məsələyə çox kədərləndik. Nişantaşı Universiteti olaraq bu hücumları qınayan bəyanat hazırladıq. Ermənistanın hüquqdan kənar hərəkətlərini şiddətli şəkildə qınayırıq. Daha sonra isə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifova zəng edərək  ona Nişantaşı və Gəncə Dövlət Universitetinin rəsmilərini bir araya gətirməyi təklif etdim. Bu iclasın əsas məqsədi Ermənistanın törətdiyi qətliamları dünyaya eşitdirmək və həqiqətləri ictimaiyyətlə paylaşmaq idi. Bunu həm dünyadakı universitetlərin rektorlarına, səfirliklərinə ,həm də qeyri-hökumət təşkilatlarına  göndərdik. Ermənistan Qarabağda insanlıqdan kənar hərəkətlərə yol verib. Bizim universitetdən mənim də iştirakımla 4 nəfər, Gəncə Dövlət Universitetindən isə rektoru və 4 nəfərlə iclas keçirməyi  qərarı aldıq. Bəzi şəxslər bizə dedi ki, Gəncəyə getmək təhlükəlidir, ona görə də Bakı şəhərində toplanın. Biz isə əsl savaş məkanında  qorxmadan bir olduğumuzu göstərmək üçün Gəncəyə getdik. Çünki biz eyni atanın övladlarıyıq və birlikdə olduğumuzu göstərmək üçün  toplanmalıyıq. Bu məqsədlə hər iki ölkənin səfirlikləri ilə görüşdük.

 

Müharibə davam edən zaman  qardaş ölkədə olmağı planlayırdıq, lakin  Azərbaycan ordusu tez bir vaxtda  qalibiyyət qazandı. Biz də bayram müddətində buraya gəlib çatdıq. Bu bizim üçün böyük bir zövq idi. Hər yerdə türk və Azərbaycan bayraqlarını görürdük. Bizdə də eyni vəziyyət idi. Gəncə Dövlət Universiteti ilə ortaq aldığımız qərarı həm Azərbaycan, həm də Türk dillərinə tərcümə etdik. Sonra isə onu mətbuatda paylaşdıq. Yaxın zamanda isə onun ingilisdilli variantını dünyanın digər universitetlərinə göndərəcəyik. Azərbaycanın haqq davasını dünyaya çatdırmaq baxımından bunun effektiv olacağını düşünürük. Biz bu bəyanatda güclü dövlətlərə dedik ki, niyə səsiniz çıxmır? Niyə demirsiniz ki, savaş sivillərlə deyil, döyüş meydanında həyata keçirilməlidir?

 

 

Biz Gəncədə İcra Hakimiyyətində olduq, sonra isə Nizaminin qəbrini ziyarət etdik . Onun haqqında çox eşitmişdik, lakin bu qədər möhtəşəm tarixi şəxsiyyət olduğunu bilmirdik. Sonra isə təkrar Bakı şəhərinə qayıtdıq. Bizim digər məqsədimiz isə savaş meydanında əsir düşən  və mülki əhalidən şəhid olan insanların övladlarına və onların yaxınlarına təhsil baxımından kömək etmək idi. Həmin kateqoriyaya daxil olan 20 nəfər şəxsə Nişantaşı Universitetində təqaüd proqramı verməyi qərara aldıq. Bizim universitetdən məzun olan şəxslərin ölkəyə  qayıdaraq faydalı işlər görəcəyinə ümid edirik.

 

Çünki bir insan  bəzən o qədər əhəmiyyətli olur ki, ona qoyulan maliyyə yüz öz bəhrəsini verir. Elə bu missiyanı yerinə gətirmək  üçün buraya gəldik. Bu gün Təhsil Nazirliyinə  bu fikirlərimizi özündə əks etdirən  sənədi təqdim edəcəyik. Gəncə Şəhər  İcra Hakimiyyətinin rəhbəri bizdən xahiş etdi ki, onlara təhsil baxımından daha çox imkan verilsin. Biz də  həmin 20 təqaüd sayını 25 nəfərə çatdırdıq. Bundan sonra isə  təhsil əlaqələrimizi artırmaq  üçün universitetləri ziyarət etməyi qərara aldıq”.

 

Şenay Yalçının köməkçisi Sibel Baykut Azərbaycan universitetləri ilə həyata keçirilən əməkdaşlıqdan söz açıb:

 

“Bizim ziyarətimizin səbəbi Azərbaycanın sevincinə ortaq olmaq, onun bayramını qeyd etmək idi.  Universitetimizin əsas məqsədlərindən biri də akademik şəxslər  yetişdirməkdir. Bunun inkişaf etdirilməsi, yaşam səviyyəsinin yüksəldilməsi  və texnologiya ilə elmin yüksəldilməsi üçün tədbirlər həyata keçirəcəyik. Biz bunu Azərbaycanla birlikdə inkişaf etdirmək üçün çalışırıq. Bu məqsədlə bir çox universitetlərdə olmaq imkanı  əldə etdik. Türkiyəli millət vəkillərimiz elm və təhsillə çox yaxındır və bu bizi xoşbəxt edir. Bu siyasətin elmə olan dəyərini göstərir. Bu gün biz Bakı Dövlət Universiteti və Texniki Universitetlə görüşlər həyata keçirəcəyik. Belə ki, biz Azərbaycan Dövlət Neft və Saneyə Universitetində olduq və cənab Mustafa Babanlı ilə görüşdük və onunla fikir mübadiləsi həyata keçirdik. Şənay Yalçının illərdir arzusunda olduğu ortaq mühəndislik fakültələrini birləşdirən  bir layihəni müzakirə etdik. Azərbaycanda hər universitetin önə çıxan  tərəfləri var, Türkiyədə  isə bu qədər  ixtisaslaşma olmur. Fakültələr universitet olaraq ixtisaslaşmır.

 

Hər il bir universitetin ev sahibliyini üzərinə götürdüyü konfranslar  həyata keçirməyi planlayırıq. Bu vasitə ilə elmi biliklərin hər iki ölkənin universitetləri arasında bölüşdürülməsi prosesi təşkil ediləcək. Güclü  universitetlərin  digər ali təhsil müəssisələrinə dəstək verməsi olduqca vacibdir. Qısa bir zamanda Azərbaycanda olan inglis dili müəllimlərinin təkmilləşdirilməsi üçün proqramlar həyata keçirməyi düşünürük. Hazırda dünyada bütün dərslər distant formada təşkil edilir. Bunun bir çox mənfi tərəfləri var. İnsanların ünsiyyət prosesində onların sosiallaşmasına kömək edir. Lakin digər tərəfdən texnologiyada böyük bir inkiaf əldə edildi. Bu bizə zaman və məkandan aslı olmadan təhsil vermə imkanı yaratdı. Tibb Universiteti ilə birlikdə yaz və qış məktəblərini müzakirə etdik. Burada iştirak edən tələbələrə  sertifikatlar veriləcək. Bunlar qısa müddətdə həyata keçirilcək tədbirlərdir”.

 

Şenay Yalçın ən böyük xəyalından -türk dünyası universitetlərinin mühəndislik fakültələrinin birləşdirilməsindən - söz açıb:

 

-Hər millətin özünəməxsus xüsusiyyətləri var. Türklərin əsas simvollarından biri də "Qızıl alma"dır. "Qızıl alma"nı yetişdirmək və türk birliyini yerində tutmaq üçün  öncə təməllərin atılması olduqca vacibdir. Buna görə də lazımı tədbirlər həyata keçirilməlidir. Bunun üçün də ən vacibi  təhsildə birlik olmaqdır. Məqsədimiz türk dünyasındakı mühəndislik fakültələri  dekanlarının qurultayını toplamaqdır. Çünki mühəndislik özündə texnoloji bilikləri əks etdirir və bu da hərbi sənayenin inkişafına təkan verir. Bu mənim 2005-ci ildən bəri olan xəyalım olub. Həmin fikrə dəstək olanlardan biri də Mustafa Babanlı oldu. Ona  Orta Asiyada  mühəndislik fakültələri ilə əlaqə yaratmağın çətinliklərindən söz açdım. Çünki bu dövlətlərin çoxu rusdilli olduqları üçün  onlarla qarşılıqlı ünsiyyət qura bilmirdik. Mustafa Babanlı isə Orta Asiyadakı mühəndislik fakültələri ilə əlaqələr yaratmağı öz üzərinə götürdü və bu bizi çox xoşbəxt etdi. Çünki Azərbaycan geosiyasi baxımından  türk dünyasının iki tərəfinə də açılan qapıdır. Onlardan biri Anadoluya, digəri isə Orta Asiyaya açılır və Azərbaycanın çox özəl  bir yeri vardır. Qarşıdakı illərdə bu prosesi həyata keçirməyə başlayacayıq. Məsələn enerji və qaz sektorunda ADNSU daha qüvvətlidirsə,  bütün maddi dəstəyi oraya vermək lazımdır. Belə olduqda Türkiyədə bunun üçün xüsusi laboratoriya düzəltməyə ehtiyac olmayacaq. Biz onu burada Azərbaycanda quracayıq. Hər ölkənin enerji sektorunda oxuyan tələbələrini buraya toplayacayıq. İstəyirik ki, gənclərimiz elm adamı olsunlar. Bu mühəndirslik sektorundan digər sahələrə də sirayət etsin. Bizim xəyalımız  türk dünyasının birliyinə nail olmaqdır.

 

-Qarabağ təhsilinin inkişafı üçün nə kimi tövsiyələr verə bilərsiz?

 

-Qarabağ yeni işğaldan azad edilib. Ermənilər bu dilbər guşəni dağıdaraq tərk ediblər. Hər millət özünə uyğun mənlikdə davranır. Ermənistan da özünə yaraşanı etdi. Çıxdığı əraziləri yıxaraq  atəşə verdi. Bu əsl vəhşilikdir. Qarabağın sarılacaq yaraları çoxdur.Biz onları  yaxşılaşdırmaq üçün çalışacağıq. Əvvəlcə Qarabağdakı vəziyyəti təsbit edilməlidir. Bununla bağlı Nişantaşı Universiteti olaraq bir layihə üzərində işləyirik. Belə ki sənədli film çəkərək  Qarabağdakı insanların vəziyyətini təsbit etməyi  düşünürük. Sonra isə təhsil imkanlarını bölüşməyi planlayırıq. Təhsil sahəsində edilə biləcək şeylər çoxdur. Qarabağda hər kəsin yararlana biləcəyi universitet  qurmaq olar. Türkiyəyə döndükdən sonra bunla bağlı yenə də təsbitlər həyata keçirəcəyik. Öncə həmin gənc uşaqların təhsil alması üçün  psixoloji və sağlıq dəstəyi lazımdır. Türkiyə dövləti güclü  dövlətdir. Azərbaycanda güclü  dövlət olaraq bütün dünyaya cəsarətini göstərdi. Artıq dünya Azərbaycanı fərqli gözdə görür. İnanıram ki, çox  yaxın zamanda Qarabağın problemləri həll olunacaq. Çünki ilk olaraq qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Onların sayı isə  1 milyona yaxındır.

 

-Təhsil naziri Emin Əmrullayev ilə görüşəcəyinizdən söz açdız. Təhsil nazirinə nə kimi təkliflər irəli sürəcəksiz?

 

-İlk növbədə istəyərdik ki, Gəncədə baş verən bütün haqsızlıqlar dünyaya duyrulsun. İkincisi isə  şəhid yaxınlarına təqaüd proqramı verməyi planlayırıq. Bununla bağlı sənədləri Emin Əmrullayevə təqdim edəcəyik. Təhsil naziriniz çox uğurlu bir insandır. Onun fəaliyyətini yaxından izləmişik . Həmçinin, Nişantaşı Universitetində təhsil almaq istəyən azərbaycanlı şəxslərə xüsusi imkanlar yaradılacaq. Təhsil naziri ilə görüş hələ baş tutmadığı üçün nələri müzakirə edəcəyimizi bilmək çox güman mümkün deyil.

 

-Şəhid və mülki əhalinin övlad və yaxınları üçün nəzərdə tutulan təqaüd proqramıları hansı ixtisaslar üçün keçərlidir?

 

-Nişantaşı universitetində mühəndislik, memarlıq, idman, sağlamlıq kimi  fakültələr  var. Həmçinin təhsil ocağımızda  magistr və doktorantura səviyyələri də var. Burada 150-dən çox fərqli ixtisaslar var. Həmin şəxslər hansı ixtisası istəsələr, onu seçə  biləcəklər. Biz bu seçimi Təhsil Nazirliyinə buraxırıq. Bizim universitetdə həm ingilis, həm  də türk dilində tədris həyata keçirilir. Azərbaycanlı tələbələr hansı fakültəni arzu etsələr,oranı da seçəcəklər.

 

Türk dünyasının fərqli zamanlarda müxtəlif liderlər olub. Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də  həmin liderlərdən biridir. Türkiyə lideri sayın Rəcəb Tayyib Erdoğan  ilə İlham Əliyev ilə çox yaxşı münasibətləri var. Onlar tək prezident kimi davrandılar. Biz də buna görə cənab İlham Əliyev adına  doktorluq üzrə təqaüd proqramı hazırladıq.  Bunla da qardaş ölkəyə dəstək vermiş olduğumuzu bir daha sübut etdik”.

 

Şükufə Süleymanlı

Elmin Nuri